
Gəncədə yaşayan ailə internet dələduzlarının qurbanına çevrildiyini iddia edir.
Övladının müalicəsi üçün kredit götürmək istəyən Kəmalə Mənsimova sosial şəbəkədə rastlaşdığı kredit elanı nəticəsində 22 min manat ziyana düşdüyünü bildirir.
Onun sözlərinə görə, epilepsiya xəstəsi olan övladının əməliyyata ehtiyacı var. Ailə maddi çətinliklərlə üzləşdiyindən müalicə xərclərini qarşılamaq üçün kredit götürmək qərarına gəlib.
Kəmalə Mənsimova Baku TV-yə bildirib ki, "TikTok" platformasında "TuranBank"ın adından yayımlanan reklamda göstərilən nömrə ilə əlaqə saxlayaraq onlayn kredit üçün müraciət ediblər. Daha sonra onlardan bank kartı təqdim etmələri istənilib.
İddialara görə, əvvəlcə ailəyə 16 min manat kredit ayrıldığı bildirilib. Lakin zərərçəkənin həyat yoldaşının kartında limitin az olduğu deyildikdən sonra onun iş yoldaşının kartı təqdim edilib.
Bir müddət sonra qarşı tərəf hesablarına 16 min manat əvəzinə səhvən 22 min manat köçürüldüyünü iddia edib. Pulun geri qaytarılması üçün ailədən vəsaiti nağdlaşdıraraq göstərilən karta köçürmək tələb olunub. Bunun müqabilində kreditin yenidən rəsmiləşdiriləcəyi bildirilib. Lakin ailə vəsaiti çıxarmaq üçün banka müraciət etmək istəyəndə qarşı tərəflə əlaqə saxlamaq mümkün olmayıb. Onlar hesabda pul olmadığını da aşkar ediblər.
Kəmalə Mənsimovanın sözlərinə görə, məsələ ilə bağlı müvafiq banklara müraciət edilib, həmçinin polisə məlumat verilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib ki, vətəndaşın pul vəsaitinin ələ keçirilməsi ilə bağlı ərazi polis şöbəsinə müraciəti daxil olub. Hazırda müraciət əsasında araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.