
Yəməndə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası dünən ölkənin müxtəlif bölgələrinə yönələn 11 pilotsuz uçuş aparatı (PUA) və bir ballistik raketin qarşısının alındığını açıqlayıb.
AVESTA.AZ xəbər verir ki, koalisiyanın sözçüsü, general-mayor Türki əl-Maliki ABŞ mərkəzli X sosial şəbəkəsindəki hesabında hücumlarla bağlı məlumat verib.
Onun sözlərinə görə, husilərin Səudiyyə Ərəbistanının cənub bölgəsinə doğru buraxdığı iki PUA zərərsizləşdirilib. Bundan əvvəl isə Nəcran istiqamətində buraxılan bir ballistik raketin məhv edildiyi bildirilib.
Əl-Maliki Ər-Riyad və Mədinə bölgələrində dörd, həmçinin Ər-Riyad istiqamətində əlavə bir PUA-nın qarşısının alındığını qeyd edib. Ölkənin şərq bölgəsində isə dünən səhər saatlarında daha dörd PUA məhv edilib.
Koalisiya sözçüsü PUA-ların haradan buraxıldığı, eləcə də hadisələr nəticəsində ölən və ya yaralananların olub-olmadığı barədə məlumat verməyib.
Qeyd edək ki, Yəməndə vətəndaş müharibəsi 2014-cü ilin sentyabrında İranın dəstəklədiyi husilərin paytaxt Səna və bir sıra vilayətləri nəzarətə götürməsindən sonra başlayıb. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası 2015-ci ilin martından etibarən beynəlxalq səviyyədə tanınan Yəmən hökumətini dəstəkləyir.
Son dövrlərdə Yəmən hökumət qüvvələri ilə husilər arasında toqquşmaların artdığı bildirilir. İranın dəstəklədiyi husilər isə hücumlara məruz qaldıqlarını iddia edərək Səudiyyə Ərəbistanını ballistik raketlər və PUA-larla hədəf alırlar.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.