
Ermənistanın Tavuş vilayətində yerləşən və hazırda Hovk adlandırılan kənd XX əsrin sonlarına qədər azərbaycanlıların kompakt yaşadığı yaşayış məntəqələrindən biri olub. Tarixi mənbələrdə Haqqıxlı adı ilə tanınan kəndin əhalisinin etnik tərkibi, müxtəlif dövrlərə aid statistik məlumatlar və burada aşkar edilmiş qəbiristanlıq Azərbaycan irsinin bölgədəki izlərini əks etdirir.
"Report" xəbər verir ki, XIX əsrə və XX əsrin əvvəllərinə aid Rusiya imperiyası sənədlərində kəndin adı Axkilı, Axkixlı, sovet dövrünə aid mənbələrdə isə Axkxlu, Axkıxlu və Axkixlu kimi qeyd edilib.
Kənd ən azı bir əsr Haqqıxlı adını daşıyıb. 1978-ci ilin yanvarında Azərbaycan şairi Səməd Vurğunun şərəfinə Vurğun adlandırılıb. 1991-ci ilin aprelində isə adı dəyişdirilərək Hovk qoyulub. 1995-ci ildən Ermənistanın Tavuş vilayətinin inzibati ərazi vahidinə daxildir.
Çar Rusiyası dövründə kənd Yelizavetpol quberniyasının Qazax qəzasının tərkibində olub. Həmin dövrə aid statistik sənədlər kənddə əsasən azərbaycanlıların əcdadlarının yaşadığını göstərir.
Zaven Korkotyanın "Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831–1931)" kitabına əsasən, 1873-cü ildə kənddə 188 nəfər yaşayıb və onların hamısı azərbaycanlıların əcdadları olub. 1886-cı il ailə siyahılarından hazırlanmış statistik topluda isə əhalinin 265 nəfər olduğu göstərilib.
1897-ci ildə kəndin 373 nəfər əhalisindən 372-si azərbaycanlıların əcdadları olub. "Yelizavetpol quberniyası haqqında məlumat toplusu"nda 1900-cü ildə kənddə 373 nəfərin yaşadığı, onların hamısının azərbaycanlıların əcdadları olduğu qeyd edilib.
1907-ci ildə əhalinin sayı 463 nəfərə çatıb. 1908-ci ildə bu göstərici 347 nəfər, 1911-ci ildə isə yenə 347 nəfər olub. Həmin illərə aid "Qafqaz təqvimi" və Yelizavetpol quberniyasının statistik nəşrlərində kənd sakinlərinin əsasən azərbaycanlıların əcdadlarından ibarət olduğu göstərilir.
1918-ci ildə Ermənistan Qazax qəzasının dağlıq hissəsinə ərazi iddiaları irəli sürüb. Həmin dövrdə bölgədə siyasi və hərbi vəziyyət gərginləşib, qəzanın bəzi əraziləri erməni qüvvələrinin nəzarətinə keçib.
1920-ci ilin sonunda Ermənistanda sovet hakimiyyəti elan edilib, 1921-ci ildə kommunist rejimi ölkədə möhkəmlənib. Bundan sonra Qazax qəzasının əvvəllər erməni qüvvələrinin nəzarətinə keçmiş hissəsinin Ermənistan SSR-ə birləşdirilməsi rəsmiləşdirilib.
Sovet hakimiyyəti illərində kənd əvvəlcə Dilican, sonralar isə İcevan rayonunun tərkibində olub. Bu dövrə aid erməni mənbələrində də kənd əhalisinin əsasən azərbaycanlılardan ibarət olduğu təsdiqlənir.
Zaven Korkotyanın araşdırmasına görə, 1922-ci ildə kənddə 306 nəfər yaşayıb və onların hamısı azərbaycanlı olub. 1926-cı ildə 332 nəfərdən 331-i, 1931-ci ildə isə 431 nəfərdən 412-si azərbaycanlı kimi qeydə alınıb.
Manvelyan A.P. və Martirosyan G.M.-nin "1831–1959-cu illərdə Ermənistan SSR-in yaşayış məntəqələri və əhalisi" adlı əsərində 1959-cu ildə kənddə 710 nəfərin yaşadığı və əhalinin əsasən azərbaycanlılardan ibarət olduğu bildirilir.
"Ermənistan və ətraf vilayətlərin toponimləri lüğəti"ndəki məlumatlara əsasən, 1970-ci ildə kəndin əhalisi 869 nəfər, 1979-cu ildə 748 nəfər olub. 1989-cu ildə isə bu göstərici kəskin azalaraq 189 nəfərə düşüb. Həmin dövrdə də kənd sakinlərinin əsas hissəsini azərbaycanlılar təşkil edib.
1980-ci illərin sonlarında Qarabağ münaqişəsinin kəskinləşməsi, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və iki respublika arasında münasibətlərin gərginləşməsi fonunda azərbaycanlı əhali Ermənistan SSR ərazisini tərk etməyə məcbur olub. Nəticədə Haqqıxlı kəndində də azərbaycanlıların yaşayışına son qoyulub.
Kəndin Azərbaycan irsi ilə bağlı izlər isə bu gün də qalmaqdadır. Belə ki, 2021–2024-cü illərdə "Yoxa çıxmış sivilizasiya" kitabının hazırlanması çərçivəsində Ermənistan ərazisində, o cümlədən ucqar dağlıq bölgələrdə Azərbaycan irsinin müəyyənləşdirilməsi və sənədləşdirilməsi istiqamətində geniş sahə tədqiqatları aparılıb.
Tədqiqatlar zamanı kənd ərazisində azərbaycanlılara məxsus qəbiristanlıq aşkarlanıb. Burada bir hissəsi salamat qalmış onlarla məzar daşı müəyyən edilib. Bu tapıntılar Haqqıxlı kəndinin tarixi keçmişinin və bölgədə mövcud olmuş Azərbaycan mədəni irsinin mühüm maddi sübutları kimi diqqət çəkir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.