
Misli Premyer Liqasının XIII turu çərçivəsində bu gün daha bir qarşılaşma baş tutub.
AVESTA.AZ xəbər verir ki, "Şamaxı" komandası öz meydanında "Sumqayıt"ı qəbul edib və oyun qonaqların qələbəsi ilə yekunlaşıb – 2:1. Ev sahiblərinin yeganə qolunu 70-ci dəqiqədə Karim Rossi vurub. "Sumqayıt" isə son dəqiqələrdə matçı çevirməyi bacarıb: 88-ci dəqiqədə Aleksa Yankoviç, 90+1-ci dəqiqədə isə Aleksandr Ramalinqon komandasına qələbə qazandırıblar. Görüşün sonlarında hər iki komandanın baş məşqçiləri aralarında yaranan mübahisəyə görə meydanı vaxtından əvvəl tərk etməyə məcbur olublar – hər ikisinə qırmızı vərəqə göstərilib.
Qələbə sayəsində xallarını 23-ə yüksəldən "Sumqayıt" turnir cədvəlinin beşinci pilləsinə yüksəlib. "Şamaxı" isə 14 xalla doqquzuncu sırada qərarlaşıb.
Bu gün turun növbəti matçında "Araz-Naxçıvan" səfərdə "Qəbələ" ilə qarşılaşacaq.
Xatırladaq ki, XIII turun digər oyunlarında "Zirə" "Kəpəz"ə 2:0, "Sabah" "İmişli"yə 3:0, "Qarabağ" isə "Karvan-Yevlax"a 2:0 hesabı ilə qalib gəlib. "Turan-Tovuz" – "Neftçi" görüşündə isə tərəflər qapılara yol tapa bilməyiblər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.