
İlisu Milli Parkının yaradılmasının məqsədləri açıqlanıb.
Bu barədə məlumat Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan Respublikasının İlisu Milli Parkı haqqında Əsasnamə"də əksini tapıb.
Sənədə əsasən Milli Parkın yaradılmasının məqsədləri aşağıdakılardır:
- təbiət komplekslərini, nadir və etalon təbiət ərazilərini, tarix-mədəniyyət obyektlərini qoruyub saxlamaq;
- turizm və rekreasiya üçün şərait yaratmaq;
- təbiəti mühafizənin və ekoloji maarifçiliyin elmi metodlarını hazırlamaq və tətbiq etmək;
- əhalini ekoloji cəhətdən maarifləndirmək;
- ekoloji monitorinqi həyata keçirmək;
- zədələnmiş təbiət, tarix-mədəniyyət komplekslərini və obyektlərini bərpa etmək.
Bundan başqa, Milli Parkın ərazisində aşağıdakılar qadağan edilir:
- təbiət komplekslərinə və tarix-mədəniyyət obyektlərinin varlığına təhlükə yaradan hər bir fəaliyyət;
- geoloji kəşfiyyat və faydalı qazıntı işlərinin aparılması;
- hidroloji rejimin dəyişməsinə səbəb olan işlərin aparılması;
- kimya sənayesi, metallurgiya, nüvə energetikası və xüsusi ekoloji təhlükə yaradan digər müəssisələrin fəaliyyəti;
- Milli Parkın fəaliyyəti ilə bağlı olmayan magistral yolların, boru və elektrik xətlərinin çəkilməsi və digər kommunikasiyaların tikintisi;
- müəyyən olunmuş yerlərdən kənarda dayanacaqların təşkili, çadırlar qurulması və tonqal qalanması;
- müəyyən olunmuş yerlərdən və ümumi istifadə olunan quru və su yollarından kənarda mexaniki nəqliyyat vasitələrinin hərəkəti və dayanması, ev heyvanlarının keçirilməsi;
- yerli fauna və flora növlərinə uyğun olmayan növlərin introduksiyası;
- meşələrdə ağacların istifadə üçün qırılması.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.