
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycanda səfərdə olan ATƏT Parlament Assambleyasının prezidenti Pere Joan Pons Sanpietro ilə görüşüb.
Bu barədə BAKU.WS-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Görüş zamanı S. Seyidov Azərbaycan ilə təşkilat arasındakı əməkdaşlıq, regionda sülhün və etimad mühitinin möhkəmləndirilməsi məsələlərinə toxunulub.
O, ATƏT PA-nın regionda fəaliyyəti barədə fikirlərini bölüşüb, Azərbaycanın regionda sülh və sabitliyin təşviqində nümunəvi ölkə olduğunu diqqətə çatdırıb.
Pere Joan Pons Sanpietro Azərbaycanın regiondakı geostrateji roluna, Avropa ilə iqtisadi-logistik əlaqələrə və parlament diplomatiyasının perspektivlərinə toxunaraq ölkəmizin geniş regionda qlobal iqtisadi layihələrin, logistikanın mərkəzində durduğunu və Avropanın etibarlı qaz təchizatçısı kimi mühüm rola malik olduğunu xüsusi vurğulayıb.
Pere Joan Pons Sanpietro Azərbaycanın Ermənistanla münasibətlərdə və regionda sülhün bərqərar olunmasında nadir bir model yaratdığını vurğulayıb.
Görüşdə iştirak edən ATƏT PA-nın vitse-prezidenti, bu təşkilatın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Luis Qraça, Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Qaya Məmmədov və Azərbaycanın Avstriyadakı səfiri Kamil Xasiyev Cənubi Qafqazda formalaşan yeni geopolitik reallıqlar, Azərbaycanın təşkilatla əməkdaşlığı və parlament diplomatiyasının vacibliyi barədə fikirlərini bölüşüblər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.