
Dövlət İmtahan Mərkəzi (DİM) 2026-cı ildə keçirilən buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, o cümlədən eksternat qaydasında imtahan verənlər üçün sentyabrın 6-da əlavə imtahan keçirib. Bundan başqa, Azərbaycan dili (dövlət dili kimi) imtahanında iştirak edə bilməyən şagirdlər də həmin imtahanı veriblər.
AVESTA.AZ xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
Bildirilib ki, imtahanlar Bakı, Naxçıvan, Gəncə və Şirvan şəhərlərində təşkil olunub.
İmtahanların idarə olunması üçün 8 imtahan rəhbəri, 7 ümumi imtahan rəhbəri, 47 nəzarətçi, 6 buraxılış rejimi (mühafizə) əməkdaşı və 7 bina nümayəndəsi ayrılıb.
İmtahanda 388 şagirdin iştirakı nəzərdə tutulub.
İmtahanda sağlamlıq imkanları məhdud olan 8 şagird, o cümlədən gözdən əlilliyi və eşitmə məhdudiyyəti olan şəxslər də iştirak ediblər. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb.
Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyəti olan şagirdlərin bina və zallara daxil olması və hərəkəti üçün də müvafiq şərait yaradılıb.
İmtahan nəticələrinin 5 gün ərzində elan olunacağı bildirilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.