
Ölkəmizin və can Azərbaycanımızın müstəqilliyi, millətimizin birliyi və dövlətlərimizin gələcəyi naminə şəhid və qazilərimizin göstərdiyi misilsiz səylər bu gün birlikdə əmin-amanlıq və təhlükəsizlik şəraitində yaşadığımız Türkiyə Cümhuriyyətinin və can Azərbaycanın ən möhkəm təminatıdır.
Onların yazdığı qəhrəmanlıq dastanları eyni zamanda bu günümüzün dayağı, sabahımızın isə yol göstəricisidir.
AVESTA.AZ "Haber Global"a istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Mustafa Kamal Atatürkə "Qazi" fəxri adı və "Marşal" rütbəsinin verilməsinin 105-ci ildönümü, həmçinin "19 Sentyabr – Qazilər Günü" münasibətilə keçirilən mərasimində çıxışı zamanı deyib.
Qazilərin millətin müstəqillik və istiqlal iradəsinin canlı timsalları olduğunu bildirən Yaşar Gülər deyib:
"Şanlı tariximizin ən kritik dönəmlərində müqəddəs dəyərlərimiz uğrunda böyük cəsarət və qətiyyətlə mübarizə aparmısınız. Bəzən sərhəddə, bəzən cəbhədə, bəzən isə ölkəmizin və can Azərbaycanımızın ən çətin günlərində vətənə və vəzifəyə sədaqətlə xidmət edərək heç bir fədakarlıqdan çəkinməmisiniz. Hər dəfə eyni yüksək ruhla məsuliyyət daşıyaraq ölkələrimizin bu günlərə gəlib çatmasına və hər birimizin gələcəyə əminliklə baxmasına böyük töhfələr vermişiniz".
Nazir bildirib ki, yaxın coğrafiyada böhranların və münaqişələrin davam etdiyi bu dövrdə Türkiyə öz təhlükəsizliyini qorumaqla yanaşı, regional sülh və sabitliyə də töhfə verən, məsuliyyətli dövlət kimi fəaliyyət göstərir:
"Bir tərəfdən sərhədlərimizin təhlükəsizliyi və millətimizin rahatlığı naminə çəkindiricilik imkanlarımızı ən yüksək səviyyədə saxlayır, digər tərəfdən isə beynəlxalq məsələlərin həllində sülhə, sabitliyə və dialoqa üstünlük verən yanaşma nümayiş etdiririk. Balkanlardan Qafqaza, Qara dənizdən Yaxın Şərq və Afrikaya qədər geniş coğrafiyada Türkiyənin fəallığı hər keçən gün daha da artır.
Qəhrəman ordumuzun müxtəlif coğrafiyalarda həyata keçirdiyi vəzifələr də ölkəmizin beynəlxalq təhlükəsizlik arxitekturasındakı çəkisini və məsuliyyətini ən aydın şəkildə göstərir. Bu mövqeyimizi qorumaq və daha da yüksək səviyyələrə çatdırmaq üçün ordumuzun imkan və bacarıqlarını daim inkişaf etdiririk. Xüsusilə cənab Prezidentimizin dəstəyi və təşviqi ilə son illərdə böyük irəliləyişlər əldə edən yerli və milli müdafiə sənayemiz də təhlükəsizlikdən iqtisadiyyata qədər ölkəmizin gücünə və beynəlxalq təsirinə müstəsna töhfələr verir".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.