
"Dövlətlərarası toqquşmaların gücləndiyi və müharibələrin davam etdiyi şəraitdə biz onu qətiyyətlə söyləyə bilərik ki, Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə aparılan savaş ən qısa vaxtda, ən az itki ilə qazanılmış ən böyük nəticə deməkdir".
Bu sözləri BAKU.WS-ə açıqlamasında Milli Məclisin deputatı, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.
Millət vəkili vurğulayıb ki, bəlkə 5 il, 7 il, 10 il uzun sürən və ölkənin bütün resurslarının səfərbər olunduğu, bəlkə ərazilərinin daha artıq dərəcədə dağıldığı, insan itkilərinin isə minlərlə, yüz minlərlə davam etdiyi bir səviyyədə sonda qalib gəlmək mümkündür. Lakin bunun nəyin hesabına başa gəldiyi mütləq sual ediləcəkdir. Ona görə də bizim Zəfər savaşımız öz ədalətli qiymətini beynəlxalq aləmdə almaqdadır:
"8 avqust 2025-ci ildə Vaşinqtonda Ağ Evdə onun legitimliyinin tanınmasını hesab edirik ki, yeni mərhələdə İlham Əliyevin müharibə sərkərdəsi yox, həm də Sülh dövrünün sərkərdəsi olduğunu sübuta yetirdi. Qalibiyyətimiz tanındı, dünyanın ən güclü paytaxtı və dövləti tərəfindən qəbul edildi. Qələbəmizə qarşı birləşən qüvvələrə də zərbə vuruldu. İlham Əliyevin son yüzillik tarixdə bərabəri olmayacaq bir missiyanın sahibi olduğu təsdiqlənir. Gürcülər, o cümlədən ermənilər barışın tərəfindədirlər. Onlar da Azərbaycan liderinin apardığı bu qlobal missiyaya bir gözlənti və bir ümidlə yanaşırlar".
Zahid Oruc onu da bildirib ki, Prezident İlham Əliyevin müharibə liderliyi həmişə öyrəniləcək:
"Prezident İlham Əliyevin müharibə liderliyi həmişə öyrəniləcək. Tarixdə dövlətlər, əgər hərbi meydanda qazandıqları nəticəni diplomatik-siyasi məkana gətirib ən sonda bir sənəd imzalatdıra bilmirsə, bu, artıq gələcək dövrdə onların əleyhinə çevrilən proses olur. İndiki halda isə Azərbaycan Ermənistana onun konstitusiyasını, bir sözlə, milli dövlətçilik fəlsəfəsini dəyişdirərək onu hüquqa, ədalətə gətirə bilir və qalibiyyətimizin nəticələrini qəbul etdirir. Belə olan təqdirdə artıq sülh şəraitində yaşamaq Qafqaz, keçmiş Sovet məkanları üçün də gərəkli olacaqdır".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.