
2025-ci il noyabrın 21-də paytaxtın Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla əlaqədar məsuliyyətə cəlb olunan "TAXES GROUP" MMC-nin ("Loft Klinika") qanuni təmsilçisi, direktoru Bəhruz Paşayevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Bəhruz Paşayev sərbəst ifadə verib.
O bildirib ki, zərərçəkmişlərdən və vəfat edən şəxslərin hüquqi varislərindən üzr istəyib və onlardan bağışlanmasını diləyib.
Təqsirləndirilən şəxs deyib ki, obyekt Vüqar Abbasova məxsus olub:
"Həmin obyekti mən icarəyə götürmüşdüm, 25 min manat icarə haqqı ödəyirdim. Hər ay Vüqar müəllim və ya oğlu icarə haqqını götürüb. Elektrik xətlərinin çəkilməsi və qoşulmasını özüm həll etmişəm. Aparatlar saz vəziyyətdə olub. Amma enerji blokunun belə fəsadlara səbəb olacağını bilməmişəm".
Bəhruz Paşayev bildirib ki, hadisə baş verən gün Sumqayıt şəhərindəki evində olub və ona yanğın hadisəsinin baş verdiyi bildirilib:
"Mən özüm də ora gəldim. Həyəcanlı vəziyyətdə idim. Hər kəsə kömək etdim".
Təqsirləndirilən şəxs deyib ki, obyektdə elektrik xətlərinin dəyişdirilməsi barədə Vüqar Abbasovun xəbəri olmayıb və həmin dövrdə Vüqar Abbasov xaricdə olub:
"Bizim binada avtomobil dayanacağı da var idi. Orada elektrikli avtomobillər üçün enerji bloku quraşdırılması lazım idi. Bunun üçün "Instagram"da bir səhifə gördüm. Səhifəyə müraciət etdim. Gəlib baxdılar. Gördük ki, mümkündür. Qoşulmazdan əvvəl rəsmi olaraq "Azərişıq"a müraciət etmədik. Bu barədə heç kim mənə heç nə demədi. Şirkət dedi ki, sadəcə elektrik gücünü göstərən sənəd lazımdır. Mən də onu göstərdim. Qoşduq. Sonra onun fəsadları nəticəsində hadisə baş verdi. Həmin şirkət də işə yaxşı nəzarət etməli idi".
Bəhruz Paşayevin sözlərinə görə, hadisədən əvvəl həmin binanın sakinləri ilə heç bir mübahisəsi olmayıb.
Könül Vəlibəyovanın anası təqsirləndirilən şəxsi ittiham edib. O bildirib ki, təqsirləndirilən şəxs onun qızının ölümünə səbəb olub. Təqsirləndirilən şəxs isə heç kimi öldürmədiyini deyib.
Vəfat edən azyaşlı Arzu Qəmbərlinin atası, Vəkillər Kollegiyasının üzvü Əli Qəmbərov təqsirləndirilən şəxsə həqiqəti danışmağı məsləhət görüb. O bildirib ki, ona verilən vədlərin sonu yoxdur və bunun nəticəsi olmayacaq.
Həmçinin Əli Qəmbərov iş üzrə zərərçəkmiş Vüqar Abbasovun ifadələrində ziddiyyət olduğunu bildirib. Qeyd edib ki, onun məhkəmədə dindirilməsi təmin olunsun. Hakim isə həmin şəxsin zərərçəkmiş kimi tanındığını və çağırılaraq dindiriləcəyini söyləyib.
Əli Qəmbərovun suallarını cavablandıran təqsirləndirilən şəxs deyib ki, klinikanın yanında yerləşən restoranın icarə haqqını da icarəçi Asif Kərimovdan alıb:
"Mən də həmin icarə haqlarını toplayaraq Vüqar Abbasova çatdırmışam".
Hakim təqsirləndirilən şəxsə suallar ünvanlayıb:
"Direktor niyə sayğacın yerini, tormoz hissəsini bilməlidir? Siz direktorsunuz, icarə haqqını niyə özünüz gedib verirsiniz? Əməliyyat niyə nağd formada olur?"
Təqsirləndirilən şəxs əməliyyatın nağd formada aparılmasından mühasibin xəbərdar olduğunu bildirib. Elektrik işlərini bildiyi üçün ona göstərildiyini qeyd edib.
Növbəti məhkəmə prosesi noyabrın 4-nə təyin edilib.
Qeyd edək ki, ötən il noyabrın 21-də paytaxtın Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla əlaqədar Baş Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsində cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.
Hazırkı vaxtadək keçirilmiş tədbirlərlə müəyyən edilib ki, binanın zirzəmisində başlayan yanğın nəticəsində üç sakin - Arzu Qəmbərli, Samir Məhəmmədov və Könül Hümbətova vəfat edib, 25 nəfər tüstüdən zəhərlənib, habelə müxtəlif şəxslərə məxsus əmlaka ziyan dəyib.
Həmçinin istintaqla müəyyən edilib ki, hadisənin baş verdiyi binanın zirzəmi qatı və birinci mərtəbəsində yerləşən qeyri-yaşayış obyektini icarəyə götürmüş "TAXES GROUP" MMC-nin ("Loft Klinika") qanuni təmsilçisi, direktoru Bəhruz Paşayev yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsinə cavabdeh şəxs kimi həmin qaydaları pozub. Nəticədə onun ehtiyatsızlığı səbəbindən üç şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olması ilə bağlı əsaslı şübhələr müəyyən edilib.
Noyabrın 23-də Bəhruz Paşayev şübhəli şəxs qismində tutulub, noyabrın 24-də isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) təqsirləndirilən şəxs qismində cəlb olunub.
İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Bəhruz Paşayev barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Onu da qeyd edək ki, vəfat edən Arzu Qəmbərli Vəkillər Kollegiyasının üzvü Əli Qəmbərovun övladı olub.
Bundan başqa, digər vəfat edən Könül Hümbətova Bakı Milli Geyim Evinin rəhbəri olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.