
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ABŞ nümayəndələrinin Rusiya ilə sülh prosesinin davam etdirilməsi üçün yeni təkliflər irəli sürdüyünü bildirib.
AVESTA.AZ xəbər verir ki, nazir bu barədə "RBK-Ukrayna" nəşrinə müsahibəsində danışıb.
Sibiqanın sözlərinə görə, ABŞ-nin xüsusi nümayəndələri Stiven Uitkoff və Cared Kuşnerin Kiyevə səfəri zamanı Rusiya ilə Ukrayna arasında sülh danışıqlarının növbəti mərhələsinə keçmək üçün müəyyən ideyalar təqdim olunub. Həmin təkliflərin müzakirəsi və işlənib hazırlanması nəzərdə tutulur.
Nazir qeyd edib ki, danışıqlar prosesində iştirak edən şəxslərin dilə gətirdiyi "yaradıcı ideyalar" əvvəl müzakirə olunan "Ankoric ruhu" anlayışını əvəz edib. Onun iddiasına görə, bu, Ukraynanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı güzəştləri qəbul etməməsi ilə əlaqədardır.
Sibiqa bildirib ki, mövcud geosiyasi reallıqlar yeni yanaşmaların irəli sürülməsini zəruri edir. O, ABŞ nümayəndə heyətinin Moskvaya dəfələrlə səfər etdiyini, Kiyevə isə ilk dəfə gəldiyini vurğulayıb.
Xatırladaq ki, sentyabrın 5-də ABŞ nümayəndələri Stiven Uitkoff və Cared Kuşner Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşüblər. Sentyabrın 6-da isə Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar aparıblar. Uitkoff səfərlərin yekununda mühüm irəliləyişlərin əldə olunduğunu bəyan edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.