
"Biz şirkətlərimizin Kambocada yeni tərəfdaşlıqlar qurmasını və etimad mühiti yaratmasını dəstəkləyirik".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu fikirləri iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-Kamboca biznes forumunda deyib.
O bildirib ki, ölkələr arasında ticarət dövriyyəsi artmaqdadır, lakin bu, hələ ikitərəfli münasibətlərimizin əsl potensialını tam əks etdirmir:
"Ölkələrimiz bir-birini tamamlayan üstünlüklərə malikdir və daha geniş bazarlara çıxış imkanı yaradır. Azərbaycan Xəzər regionuna, Mərkəzi Asiyaya və Avropaya, Kamboca isə Cənub-Şərqi Asiyaya və daha geniş regiona çıxış təmin edir. Bu, bizə ticarət, investisiya və birgə istehsal sahələrində əməkdaşlıq üçün geniş zəmin yaradır. Azərbaycan bu tərəfdaşlığa sabit, açıq və sıx əlaqələrə malik iqtisadiyyatının sübut olunmuş gücünü gətirir. Bizim üçün investisiya qoymaq həm də tərəfdaşlıq deməkdir. Tərəfdaşlıq isə öz növbəsində etimad qurmaq, münasibətlərin yalnız parlaq dövrlərini deyil, həm də iqtisadi çətinlik və tənəzzül dövrlərini birlikdə aşmaq deməkdir. Biz öz gücümüzü yaxşı bilirik və zəif cəhətlərimizin də hər zaman fərqində olmağa çalışırıq".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.