
Son vaxtlar Bakıda sərnişindaşımada yaranan problemlər bitib-tükənmir.
Bu problemlərdən biri də sərnişin avtobuslarının gecə saat 11-dən sonra işləməməsidir.
Vətəndaşların AVESTA.AZ-in "qaynar xətti"nə verdikləri məlumata görə, avtobuslar gecə saat 00:00-dək işləməli olduqları halda, saat 23:00-dan sonra xətlərdə görünmürlər.
Belə şikayətlərdən biri də "28 May" metrostansiyasının yaxınlığında, Füzuli küçəsi 73 ünvanında yerləşən dayanacaqda avtobus gözləyən sərnişinlərdən daxil olub.
Şikayətçi İbrahim Aslanov AVESTA.AZ-ə bildirib ki, onlar saat 23:20-dən etibarən 88A nömrəli avtobusu gözləsələr də, avtobus gəlməyib.
Sərnişinlər belə halların xüsusilə gecə saatlarında ciddi çətinlik yaratdığını bildirirlər.
Xatırladaq ki, müntəzəm sərnişin daşımalarını həyata keçirən avtobusların iş vaxtı və hərəkət intervalı müvafiq marşrut üzrə təsdiq edilmiş hərəkət cədvəli ilə müəyyən edilir. Məsələ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları" ilə tənzimlənir. Qaydaların 4.7.5, 4.8 və 4.9-cu bəndlərinə əsasən, marşrut üzrə avtobusların hərəkətə başlama və işi başa çatdırma vaxtları, reyslər və onların yerinə yetirilmə vaxtları müvafiq sənədlərdə və hərəkət cədvəlində göstərilməlidir.
Bu səbəbdən 88A nömrəli avtobusun saat 23:20-də işləməməsinin qayda pozuntusu olub-olmadığını müəyyənləşdirmək üçün həmin marşrutun təsdiq edilmiş hərəkət cədvəli yoxlanılmalıdır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.