
Sink çatışmazlığı Kron xəstəliyi və xoralı kolit kimi iltihabi bağırsaq xəstəliklərinin kəskinləşməsi ilə əlaqəli ola bilər.
BAKU.WS xəbər verir ki, britaniyalı alimlərin apardığı araşdırmanın nəticələri "Nutrients" jurnalında dərc olunub.
Tədqiqatçılar sinkin bağırsaq sağlamlığına təsiri ilə bağlı elmi məlumatları təhlil ediblər. Məlum olub ki, iltihabi bağırsaq xəstəliklərindən əziyyət çəkən pasiyentlərin təxminən yarısında bu mikroelementin çatışmazlığı müşahidə olunur.
Sink bağırsağın qoruyucu baryerinin saxlanılmasında, selik ifrazında və immun reaksiyaların tənzimlənməsində mühüm rol oynayır. Onun çatışmazlığı bu prosesləri poza, bağırsaq toxumalarını iltihab və zədələnmələrə qarşı daha həssas edə bilər.
Araşdırmalar qanda sink səviyyəsinin aşağı olmasının xəstəliyin kəskinləşməsi, xəstəxanaya yerləşdirilmə və cərrahi müdaxilə ehtimalının artması ilə əlaqəli olduğunu göstərib. Bu əlaqə xüsusilə Kron xəstəliyindən əziyyət çəkənlərdə daha qabarıq müşahidə edilib.
Bununla belə, alimlər vacib məqama diqqət çəkiblər: iltihabın özü də qanda sinkin səviyyəsini azalda bilər. Buna görə də aşağı göstərici hər zaman orqanizmdə həqiqi sink çatışmazlığının olduğunu göstərmir və aktiv xəstəliyin nəticəsi də ola bilər.
Tədqiqat müəllifləri hesab edirlər ki, iltihabi bağırsaq xəstəlikləri olan pasiyentlərdə sink çatışmazlığının vaxtında müəyyən edilməsi və aradan qaldırılması tibbi nəzarətin bir hissəsi olmalıdır. Lakin hazırda sink qəbulunun öz-özlüyündə xəstəliyin kəskinləşməsi riskini azaltdığını və ya onun gedişatını yaxşılaşdırdığını təsdiqləyən kifayət qədər sübut yoxdur.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.