
Bakıda 166 nömrəli marşrut avtobuslarının vəziyyəti və hərəkət qrafiki sərnişinlərin narazılığına səbəb olub.
Bu barədə paytaxt sakini Elnur Tağıyev AVESTA.AZ-in "qaynar xətti"nə müraciət edib.
Sakin iddia edir ki, 166 nömrəli marşrut xəttində fəaliyyət göstərən avtobusların, demək olar ki, hamısı bərbad vəziyyətdədir. Onun sözlərinə görə, avtobusların pəncərələrindəki rezinlər yararsız hala düşüb. Bu səbəbdən soyuq və külək birbaşa salonun içərisinə daxil olur.
Elnur Tağıyev mövcud vəziyyəti təsvir edərkən bildirib ki, sərnişinlər avtobusda rahat şəkildə deyil, sanki motosikletdə hərəkət edirmiş kimi yol gedirlər.
Şikayətçinin sözlərinə görə, sərnişinlərin narazılığı təkcə avtobusların texniki vəziyyəti ilə bağlı deyil. Marşrutun hərəkət qrafikində də ciddi problemlər var. Avtobusların nə vaxt gələcəyini əvvəlcədən müəyyənləşdirmək çətindir. Bu isə insanların gündəlik həyatına, işə və evə vaxtında çatmasına mənfi təsir göstərir.
Sakin qeyd edib ki, gedişhaqqı artırılsa da, xidmətin keyfiyyətində müvafiq yaxşılaşma hiss olunmur.
"Qiymətləri qaldırıblar, ancaq xidmətləri sıfırdır. Vaxtında işə çata bilmirik, vaxtında evə qayıda bilmirik. Avtobusların qrafikindən baş açmaq olmur. Bütün bunlar sərnişinlər üçün ciddi narahatlıq yaradır", – deyə Elnur Tağıyev bildirib.
Şikayətçi aidiyyəti qurumlardan 166 nömrəli marşrut xəttindəki avtobusların texniki vəziyyətinin yoxlanılmasını, yararsız nəqliyyat vasitələrinin yenilənməsini və hərəkət qrafikinə nəzarətin gücləndirilməsini xahiş edib.
Sakinlər ictimai nəqliyyatdan istifadə üçün ödəniş etdiklərini, əvəzində isə təhlükəsiz, rahat və vaxtında xidmət gözlədiklərini bildirirlər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.