
ABŞ-də hərbçilərin COVID-19-a qarşı peyvənd olunmasından sonra baş verən ölüm hallarının vaksinasiya ilə əlaqəli olub-olmadığını müəyyənləşdirmək üçün araşdırmaya başlanılıb.
AVESTA.AZ xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.
Araşdırmaya hərbi həkim Tereza Lonq rəhbərlik edir. Onun sözlərinə görə, araşdırma çərçivəsində hərbçilərin koronavirusa qarşı peyvənd olunmasından sonra baş verən 2 500-dən çox ölüm barədə məlumat nəzərdən keçirilir.
Tereza Lonqun sözlərinə görə, o, ABŞ-ın səhiyyə naziri Robert Kennedi və Pentaqon rəhbəri Pit Heqsetlə əməkdaşlıq edir.
Hərbi həkim bildirib ki, şəxsən bildiyi 28 ölüm halının onun ilkin qiymətləndirməsinə əsasən peyvəndlə əlaqəli ola biləcəyini düşünür. O, həmin hadisələrlə bağlı əlavə məlumat açıqlamayıb.
Araşdırma zamanı əsas məqsəd vaksinasiya ilə hərbçilərin ölümü arasında səbəb-nəticə əlaqəsinin olub-olmadığını müəyyənləşdirməkdir. Söhbət ABŞ-nin keçmiş prezidenti Co Baydenin 2021-ci ildə hərbi qulluqçular üçün COVID-19 vaksinasiyasını məcburi etməsindən sonrakı dövrdən gedir.
Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp COVID-19 vaksini qəbul etməkdən imtina etdiklərinə görə hərbi xidmətdən uzaqlaşdırılan hərbçilərin xidmətə bərpa ediləcəyini açıqlamışdı. Onların əvvəlki rütbələrinin qaytarılması, əməkhaqqı və müvafiq güzəştlərin ödənilməsi nəzərdə tutulurdu.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.