
"Abşeron rayonu, o cümlədən Masazır qəsəbəsində əhalinin sıx məskunlaşması ilə əlaqədar bir sıra ümumi təhsil müəssisələrində şagird sıxlığı müşahidə olunur. Hazırda 2477 şagirdin təhsil aldığı 5 nömrəli tam orta məktəbdə tədris prosesi 4 növbədə təşkil edilir".
Bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsinin mətbuat xidmətindən AVESTA.AZ-in sorğusuna cavab olaraq məlumat verilib.
Mövcud vəziyyətlə yerində tanış olmaq məqsədilə Abşeron-Xızı Regional Təhsil İdarəsinin Abşeron-Xızı rayonları üzrə təhsil sektorunun əməkdaşları tərəfindən məktəbdə baxış keçirilib. Baxış zamanı məktəbdəki mövcud şərait, şagird sıxlığı və tədrisin təşkili ilə bağlı vəziyyət yerində araşdırılıb, mövcud çətinliklərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər müəyyənləşdirilib.
Məktəbdə mövcud vəziyyət və yaranan çətinliklərlə bağlı məktəb rəhbərliyi, valideyn icması və müəllimlərin iştirakı ilə görüş də keçirilib. Görüş zamanı şagird sıxlığının yaratdığı çətinliklər müzakirə olunub, valideynlərin təklifləri dinlənilib və problemin həlli ilə bağlı mümkün variantlar nəzərdən keçirilib. Yaxınlıqda yerləşən ümumi təhsil müəssisələrində mövcud imkanlardan istifadə etməklə şagirdlərin yerləşdirilməsi, eləcə də məktəbdə digər uyğun otaqlardan istifadə imkanları valideynlərin diqqətinə çatdırılıb.
Qeyd edək ki, cari tədris ili üçün məktəbdə sinif komplektlərinin sayı artırılıb, sinif otaqlarının sayı 32-dən 39-a çatdırılıb. Tədris prosesinin fasiləsizliyinin təmin edilməsi məqsədilə mövcud standartlar nəzərə alınmaqla bəzi xidmət otaqlarından da uyğunlaşdırılmış sinif otağı kimi istifadə olunur. Şagirdlərin təhsil aldığı otaqlar işıqlandırma sistemi, pəncərə və nəfəsliklərlə təmin edilib.
Bununla yanaşı, şagirdlərin partaları daşıması ilə bağlı yayılan görüntülər də nəzarətə götürülüb. Şagirdlərin nəzarətsiz qaydada parta və digər məktəb avadanlıqlarının daşınmasına cəlb edilməsinin yolverilməz olduğu məktəb rəhbərliyinin, sinif rəhbərlərinin və digər məsul şəxslərin diqqətinə çatdırılıb.
Hazırda məktəbdə tədris prosesinin normal qaydada təşkil edilməsi və mövcud çətinliklərin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür.
***12:57
Masazır qəsəbəsində yerləşən 5 nömrəli tam orta məktəbdə 5 "Ç" sinfində oxuyan şagirdlərlə bağlı narazılıq yaranıb.
Bu barədə məlumat AVESTA.AZ-in "qaynar xətti"nə daxil olub.
Valideynlərin sözlərinə görə, yeni tədris ilinin başlamasına baxmayaraq, şagirdlərə normal sinif otağı ayrılmayıb. Valideyn komitəsinin məsələ ilə bağlı məktəb rəhbərliyinə dəfələrlə müraciət etdiyi, lakin problemin həll olunmadığı bildirilir.
İddialara görə, şagirdlər dərs zamanı məktəbin padvalına göndərilir, hətta partaların daşınmasında iştirak etməli olurlar.
Valideynlər sinif otağının şəraitindən də narazıdırlar. Onların sözlərinə görə, otaqda hava çatışmazlığı, nəmişlik və rütubət problemi var. Pəncərələrin açılmasının da mümkün olmadığı iddia edilir.
"Biz övladlarımızı təhsil almağa göndəririk, fəhləlik etməyə yox. Uşaqları parta daşımağa göndərmək düzgün deyil. Havasız və rütubətli şəraitdə onların səhhətinin təhlükə altına düşməsindən narahatıq. Qış aylarında vəziyyətin necə olacağını təsəvvür etmək belə çətindir", - valideyn bildirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.