
"Azərbaycan xalqının 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabr ayında lokal xarakterli antiterror əməliyyatları zamanı göstərdiyi şücaət və rəşadət, şübhəsiz ki, tarixə qızıl hərflərlə yazıldı. Lakin Zəfərimizi xüsusi edən məqamlardan biri ondan ibarətdir ki, II Dünya müharibəsindən sonra Azərbaycan qədər qəti və mütləq zəfər əldə edən bir xalq və dövlət olmayıb".
Bu sözləri AVESTA.AZ-ə açıqlamasında Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.
O bildirib ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti və şəxsi liderlik keyfiyyətləri Azərbaycanı məqsədinə çatdırıb:
"Qarabağ Ermənistandır və nöqtə" fikrinin qarşısında "Qarabağ Azərbaycandır və nida" həqiqətini Müzəffər Ali Baş Komandan İlham Əliyev strateji yol olaraq görürdü. Bu istiqamətdə Azərbaycanın uğurunu təmin edən əsas amillərdən biri ondan ibarətdir ki, cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti və şəxsi liderlik keyfiyyətləri Azərbaycanı məqsədinə çatdırdı. Ermənistan ordusunun bölgədə qalan qalıqlarının tamamilə təmizlənməsi Azərbaycan Liderinin əsas hədəfi idi. Çünki bu məsələ kökündən həll edilməli idi. Çünki bizim hədəfimiz sadəcə ərazi bütövlüyü və suverenliyimizin təmin edilməsi deyil, həmçinin bölgənin zəhərli fikirlərdən təmizlənməsi idi".
Şəbnəm Həsənova onu da vurğulayıb ki, Nikol Paşinyan hakimiyyəti Vətən müharibəsindən sonra da qondarma rejimi maliyyələşdirir, ona hər cür dəstək verirdi:
"Vətən müharibəsindən sonra belə Nikol Paşinyan hakimiyyəti qondarma rejimi maliyyələşdirir, ona hər cür dəstək verirdi. Ruben Vardanyanın Qarabağa gəlməsindən sonra cərəyan edən proseslər ondan xəbər verirdi ki, Ermənistan hər nə qədər sarsıdıcı zərbə alsa da, yenə də düzgün yolu tapmırdı, tapmaq istəmirdi. Bu istiqamətdə Ermənistana dəstək olan qüvvələr də var idi".
Politoloqun sözlərinə görə, Azərbaycan diplomatiyasının böyük zəfərlərindən biri də ATƏT-in Minsk Qrupunu ləğv idi:
"Həmin qüvvələr 30 ilə yaxın zaman çərçivəsində ATƏT-in Minsk Qrupu adı altında işğalı əbədi etməyə çalışırdılar. Azərbaycan diplomatiyasının başqa böyük Zəfərlərindən biri ondan ibarətdir ki, ATƏT-in Minsk Qrupunu ləğv etdik. Çünki həmin təsisatın etməli olduqlarını Azərbaycan Lideri öz zəkası və fəaliyyəti sayəsində bacardı. Nikol Paşinyanın 2018-ci ildə hakimiyyətə gəlməsi, danışıqları sıfırdan başlaması, fərqli mövqedən çıxış etməsi, şübhəsiz ki, bütün formatların üzərindən xətt çəkirdi. Məhz bu reallığı görən cənab Prezident daha qəti addımlar atdı. 27 sentyabrda Azərbaycana qarşı törədilən hərbi təxribatların cavabını Azərbaycan layiqincə verdi".
Şəbnəm Həsənova onu da qeyd edib ki, Prezident İlham Əliyevin qətiyyəti sülhdən başqa alternativ olmadığını göstərib:
"Azərbaycan humanist siyasət yürüdərək bölgədə qalan ermənilərin yaşamasına şərait yaratdı. Bu istiqamətdə həmin əhali yenə də siyasi manipulyasiyaların qurbanı oldu. Artıq bölgədə reallıq dəyişib. Qarabağda guya aclığın olması, humanitar fəlakətin mövcudluğu haqqında olan narrativlər kimi heç bir yanlış narrativə yol və yer yoxdur. 2025-ci ilin avqustun 8-də Vaşinqtonda paraflanan sülh müqaviləsi tamamilə yeni mərhələdən xəbər verir. Cənab Prezident İlham Əliyevin qətiyyəti göstərdi ki, sülhdən başqa alternativ yoxdur. Azərbaycan bu gün öz gücü, öz resursları hesabına geniş bərpa-quruculuq işləri həyata keçirir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında sadəcə Azərbaycanın yeni tarixi yazılmır, həm də Cənubi Qafqazın yeni tarixinin ən həlledici məqamındayıq".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.