
Azərbaycanın qeyri-neft-qaz ixracında bu ilin ilk yeddi ayında yüksək artım qeydə alınıb.
Yanvar-iyul aylarında qeyri-neft-qaz ixracının dəyəri 5 milyard 933.2 milyon dollara çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 2.8 dəfə, real ifadədə isə 2 dəfə çoxdur. Lakin rəqəmlərin arxasında fərqli mənzərə dayanır. Belə ki, ixrac artımının böyük hissəsi qızıl ixracının kəskin yüksəlməsi hesabına formalaşıb. Bəs qızıl amili nəzərə alınmadıqda qeyri-neft ixracında artım hansı səviyyədədir? Bu dinamika ölkənin ixrac potensialının genişləndiyini göstərirmi? Artımın davamlı olması və yerli məhsulların xarici bazarlarda rəqabət qabiliyyətinin artırılması üçün hansı addımlar atılmalıdır?
BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
"Qeyri-neft sektorunun ixrac imkanları genişlənir"
Deputat Rövşən Muradovun sözlərinə görə, qeyri-neft-qaz ixracının 5 milyard 933,2 milyon dollara çatması əhəmiyyətli göstəricidir. Lakin burada əsas məsələ yalnız yekun rəqəm deyil, artımın hansı mənbələr hesabına formalaşmasıdır:
"Cari ildə yüksək dinamikanın əsas amillərindən biri əvvəlki dövrlərdə əldə edilmiş qızılın böyük həcmdə ixracıdır. Bu əməliyyat ümumi göstəriciyə ciddi statistik təsir göstərib. Bununla belə, qızıl amili nəzərə alınmadıqda da qeyri-neft ixracında kifayət qədər güclü artım müşahidə olunur. Qeyri-monetar qızıl ixracı nəzərə alınmadan yanvar-iyul aylarında qeyri-neft ixracı 18.3 faiz artaraq 2.5 milyard dollara çatıb. Aqrar və aqrar-sənaye məhsullarının birgə ixracında isə 22.8 faizlik artım qeydə alınıb. Meyvə-tərəvəz, pambıq məhsulları, alüminium, qara metallar, şəkər, bitki və heyvan mənşəli yağlar kimi müxtəlif məhsul qruplarında da artım olub".
R.Muradov hesab edir ki, bu göstəricilər qeyri-neft sektorunun ixrac imkanlarının genişləndiyini göstərir: "Daha fundamental göstərici qızılın statistik təsiri aradan qaldırıldıqdan sonra da ikirəqəmli artım tempinin qorunmasıdır. Növbəti mərhələdə əsas məsələ əldə olunan artımın davamlı iqtisadi tendensiyaya çevrilməsidir. Bunun üçün ixrac coğrafiyasının genişləndirilməsi, yüksək əlavə dəyərli məhsulların payının artırılması, xammalın daha dərindən emalına keçidin sürətləndirilməsi, beynəlxalq keyfiyyət və sertifikatlaşdırma standartlarına uyğunluğun gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır".
Nəqliyyat xərclərinin kompensasiyası
Deputat qeyd edib ki, logistika və nəqliyyat xərclərinin azaldılması da mühüm amildir:
"İxracla bağlı nəqliyyat xərclərinin 70 faizədək hissəsinin kompensasiyasını nəzərdə tutan yeni dövlət dəstəyi mexanizmi sahibkarların daha uzaq bazarlara çıxış imkanlarını genişləndirə bilər. İxracın təşviqi, beynəlxalq sertifikatlaşdırmaya dəstək, sənaye zonalarının inkişafı və yeni logistika imkanlarının yaradılması ilə yanaşı, bu mexanizmlər qeyri-neft ixracının strukturunun daha da şaxələndirilməsinə xidmət edə bilər. Azərbaycan üçün strateji hədəf yalnız ixracın dollar ifadəsində artması ilə məhdudlaşmamalıdır. Əsas məsələ çoxsaylı məhsullara və müxtəlif bazarlara söykənən, yüksək əlavə dəyər yaradan və ayrı-ayrı iri ixrac əməliyyatlarından asılılığı minimuma endirən dayanıqlı ixrac modelinin formalaşdırılmasıdır".
"İxrac artımında qiymət amili əsas rol oynayır"
İqtisadçı Rəşad Həsənov isə qeyri-neft-qaz ixracındakı 2,8 dəfəyə yaxın artımı qiymətləndirərkən daha ehtiyatlı yanaşmanın tərəfdarıdır. Onun sözlərinə görə, artımın 90 faizdən çoxu qeyri-monetar qızıl ixracının payına düşür:
"Belə ki, 2026-cı ilin ilk altı ayında Dövlət Neft Fondu tərəfindən 3,5 milyard ABŞ dolları dəyərində qeyri-monetar qızıl ixrac edilib. Bu, təbii və davamlı ixrac axını deyil, müvəqqəti qərarlar nəticəsində nominal ixrac göstəricilərində yaranmış dinamikadır. Dövlət Neft Fondunun hər il eyni həcmdə qızıl ixrac etmək imkanı yoxdur. Bundan əlavə, fond qızıl istehsalçısı deyil. Qızıl alınıb-satıldığı üçün bu əməliyyatdan ölkənin əldə etdiyi gəlir əsasən müəyyən mənfəət marjası ilə məhdudlaşır. Qızıl ixracı nəzərə alınmadıqda da 2026-cı ilin ilk yeddi ayında ixracda təxminən 18,5 faizlik artım müşahidə olunur. Bu, nominal ifadədə 400 milyon dollar, aylıq orta hesabla isə təxminən 60 milyon dollar artım deməkdir".
İqtisadçı hesab edir ki, bu artımın hamısını fiziki ixracın yüksəlməsi kimi qiymətləndirmək olmaz:
"Artımın əsas səbəblərindən biri ixrac olunan məhsulların qiymətlərinin yüksəlməsidir. Burada söhbət nominal artımdan, yəni ixrac satışlarından ölkəyə daxil olan valyutanın həcminin artmasından gedir".
İxrac strukturunun dəyişdirilməsi əsas prioritet olmalıdır
Ekspertin fikrincə, xüsusilə qeyri-neft və qeyri-ərzaq məhsullarının ixracında yalnız iyun ayında 26 faizlik artım qeydə alınıb:
"Yeddi aylıq göstəricilərə əsasən, əsas artım şəkər ixracında - 2.6 dəfə, heyvan mənşəli yağlar və piylərdə - 40 faiz, pambıq ipliyində - 82 faiz, qara metallar və onlardan hazırlanan məmulatlarda - 23 faiz, çay ixracında - 20 faiz, meyvə-tərəvəz ixracında - 16 faiz, spirtli və spirtsiz içkilərin ixracında isə 3 faiz təşkil edib. Qeyd olunan 400 milyon dollarlıq artım da əsasən bu məhsul qrupları üzrə ixrac dinamikasının təsiri ilə formalaşıb. Bu göstəriciləri, əlbəttə, müsbət nəticə hesab etmək olar. Lakin Azərbaycanın qeyri-neft və qeyri-resurs ixracının ümumi həcmi hələ də aşağı səviyyədədir. Bu səbəbdən 18 faizlik artım aylıq orta hesabla 50-60 milyon dollar əlavə gəlir demək olsa da, ölkənin ümumi iqtisadi mənzərəsini ciddi şəkildə dəyişmir".
R.Həsənovun sözlərinə görə, region ölkələrinin iqtisadi strukturu da sürətlə dəyişir. Artıq bəzi ölkələr yaxın gələcəkdə süni intellekt və informasiya texnologiyaları məhsullarının, eləcə də yüksək əlavə dəyər yaradan məhsulların iri ixracatçılarına çevrilməyə hazırlaşırlar:
"Azərbaycanda isə ixrac artımı əsasən resurs tutumlu aqrar və ağır sənaye məhsulları hesabına formalaşır".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.