
Dövlət Hərbi Sənaye Komitəsinin sədri Dmitri Pantusun rəhbərlik etdiyi Belarus nümayəndə heyəti VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində (ADEX-2026) iştirak edəcək.
AVESTA.AZ xəbər verir ki, bu barədə komitənin saytındakı bəyanatda qeyd olunub.
Məlumata görə, Belarus sərgidə milli pavilyonla təmsil olunacaq. Dövlət Hərbi Sənaye Komitəsinin birgə stendinin təşkilatçısı "Belspetsvneştexnika" Dövlət Xarici Ticarət Unitar Müəssisəsidir. Ümumilikdə pavilyonda və açıq meydançada Belarus istehsalı olan 150-yə yaxın silah, hərbi və xüsusi texnika nümunəsi, həmçinin ikili və mülki təyinatlı məhsullar təqdim olunacaq.
Qeyd edək ki, ADEX dünya müdafiə sənayesinin aparıcı iştirakçılarını bir araya gətirən Cənubi Qafqaz və Xəzər hövzəsi regionunda ən böyük ixtisaslaşmış sərgidir. Tədbirdə dünyanın 29 ölkəsindən 270-dən çox şirkətin iştirakı, eləcə də 33 ölkədən 45 xarici nümayəndə heyətinin gəlməsi gözlənilir.
Sərgidə 14 ölkə: Azərbaycan, Böyük Britaniya, İsrail, İtaliya, Çin, Pakistan, Rusiya Federasiyası, Belarus, Rumıniya, Slovakiya, ABŞ, Türkiyə, Özbəkistan və Çexiya ayrı-ayrı pavilyonlarla təmsil ediləcək.
ADEX-2026 sentyabrın 30-dan oktyabrın 2-dək Bakıda keçiriləcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.