
Qazaxıstanın Manqistau vilayətinin akimi (meri) Nurdaulet Kılıbay və Azərbaycanın bu ölkədəki səfiri Əlimirzamin Əskərov nəqliyyat-logistika qarşılıqlı əlaqələrinin gücləndirilməsini, Transxəzər Fiber-Optik Kabel xəttinin inkişafını və iqtisadi tərəfdaşlığın genişləndirilməsini müzakirə ediblər.
AVESTA.AZ xəbər verir ki, bu barədə Manqistau vilayəti akiminin mətbuat xidməti məlumat yayıb.
N.Kılıbay qeyd edib ki, regionun coğrafi mövqeyi beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, tranzit potensialının artırılması və logistika infrastrukturunun təkmilləşdirilməsi üçün imkanlar yaradır.
Onun sözlərinə görə, Aktau və Bakı aviasiya, dəmir yolu, avtomobil və dəniz əlaqələrini birləşdirən böyük nəqliyyat-logistika qovşaqlarına çevrilir. Eyni zamanda, akim regionun Azərbaycanla birlikdə logistika infrastrukturunun gücləndirilməsi, limanların buraxılış qabiliyyətinin genişləndirilməsi və yüklərin tranziti üçün yeni imkanların yaradılması üzərində işləməyə hazır olduğunu bildirib.
Ə.Əskərov, öz növbəsində, Qazaxıstanla Azərbaycan arasında əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayaraq qeyd edib ki, nəqliyyat dəhlizlərinin inkişafı və tranzit imkanlarından səmərəli istifadə ikitərəfli əməkdaşlığın əsas istiqamətlərindən biri hesab olunur.
Görüşün yekunlarına əsasən, tərəflər ticari-iqtisadi əlaqələrin, nəqliyyat-logistika və rəqəmsal infrastruktur sahəsində tərəfdaşlığın, eləcə də mədəni-humanitar qarşılıqlı fəaliyyətin genişləndirilməsində maraqlı olduqlarını ifadə ediblər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.