
Orta əsrlər İngiltərəsində kasıb ailələrdə böyüyən insanlar qurğuşunun zərərli təsirinə daha çox məruz qalıblar. Alimlər bunun səbəblərini araşdıraraq sosial təbəqə ilə zəhərli metala məruzqalma səviyyəsi arasında əlaqə müəyyən ediblər.
AVESTA.AZ xarici mətbuata istinadən xəbər verir ki, araşdırmanın nəticələri "Antiquity" elmi jurnalında dərc olunub.
Tədqiqatçılar İngiltərənin əsrlər boyu qurğuşun hasil edilən Pik-Distrikt bölgəsində yaşamış insanların diş minasını araşdırıblar. Diş minası uşaqlıq dövründə formalaşdığı üçün onun kimyəvi tərkibi insanın erkən yaşlarda hansı səviyyədə zəhərli metallara məruz qaldığını müəyyənləşdirməyə imkan verir.
Araşdırılan 15 nəfərdən 10-nun diş minasında qurğuşunun miqdarı milyonda 15-40 hissə arasında olub. Daha dörd nəfərdə isə bu göstərici 40 hissəni ötüb. Müqayisə üçün, tədqiqatda istinad edilən fon göstəricisi milyonda 0,5 hissədən çox deyil.
Ən aşağı qurğuşun konsentrasiyası bahalı qılıncla dəfn edilmiş kişinin diş minasında aşkarlanıb. Alimlər ehtimal edirlər ki, cəmiyyətin varlı təbəqəsinə mənsub şəxslər filizin hasilatı və emalı ilə birbaşa daha az məşğul olduqlarından zəhərli metalla təmasları da nisbətən aşağı olub.
Tədqiqat zamanı başqa bir məqam da diqqət çəkib. Araşdırılan qrupdakı üç qadın 17-25 yaşlarında vəfat edib. Alimlər bu faktın qurğuşunla uzunmüddətli təmasın mümkün nəticələri ilə əlaqəli ola biləcəyini istisna etmirlər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.