
Azərbaycanda mal ətinin qiyməti artmaqda davam edir.
Baku TV-nin məlumatına görə, Bakıda sümüklü mal ətinin kiloqramı 19 manata, sümüksüz ətin kiloqramı isə 25 manata çatıb. Əvvəllər bu qiymətlər müvafiq olaraq 18 və 23 manat təşkil edib.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən bildirilib ki, qiymətlər tələb və təklif əsasında formalaşır.
İqtisadçı Emin Qəriblinin sözlərinə görə, bahalaşmanın əsas səbəblərindən biri ölkədə iribuynuzlu mal-qaranın sayının azalması, digəri isə istehsal xərclərinin artmasıdır.
"Təklif azalıbsa, bu, öz növbəsində, qiymət artımına səbəb ola bilər. Son dövrlərdə iqlim dəyişiklikləri, otlaq sahələrinin azalması, xərclərin artması, eləcə də idxal olunan ətin və yemlərin bahalaşması bazara təsir göstərir", - deyə iqtisadçı bildirib.
Emin Qəribli qeyd edib ki, yerli istehsal daxili tələbatın böyük hissəsini qarşılasa da, idxal qiymətlərindəki artım da bazara təsirsiz ötüşmür. Onun sözlərinə görə, ət təklifinin yetərli səviyyədə olmaması qiymət artımının davam etməsinə səbəb ola bilər.
Ekspertin fikrincə, yerli istehsalın artırılması, heyvandarlıq təsərrüfatlarına dəstəyin gücləndirilməsi və mövcud problemlərin araşdırılması qiymət artımının qarşısını almağa kömək edə bilər. O, həmçinin heyvanların yetişdirilməsi və kəsimi ilə bağlı məsələlərə daha sistemli yanaşılmasının vacibliyini vurğulayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.