
"Üstümüzdən keçdi külək,
Üstümüzdən keçdi külək,
Şən zarafat, şirin kələk.
Biz mehriban ailəyik,
Biz mehriban ailəyik,
Gəlin, dostlar, deyək-gülək".
Daşkəndin dünyaca məşhur "Çorsu" bazarına gedən yolda bizə bələdçilik edən yeniyetmə özbək qızı Azərbaycandan olduğumuzu bilən kimi Tofiq Quliyevin "Qaynana"filmi üçün bəstələdiyi mahnını zümzümə etməyə başladı. Sən demə Özbəkistanda "Qaynana" filmini sevə-sevə izləyir və "Gülüş kraliçamız" Nəsibə Zeynalovanı da çox yaxşı tanıyırlar. Özbəklər "Qaynona"deyirlər filmimizə.
Özbəkistana səfərimizin ilk günü Daşkəndi gəzməyə çıxmışdıq. Düz bir gün vaxtımız var idi. Səhəri gün Daşkənddə Technovation 2026 beynəlxalq konfransı keçiriləcəkdi. Rusiya, Qazaxıstan, Hindistanla yanaşı Azərbaycan nümayəndə heyəti də Technovation 2026-da təmsil olunacaqdı. Amma buna hələ bir gün qalırdı. Bir gün ərzində günəşli Özbəkistanı, bu gözəl, mehriban insanları ilə tanınan ölkəni gəzməyə vaxtımız var idi. İlk olaraq qaldığımız otelin qeydiyyat şöbəsinə yaxınlaşıb hara gedəcəyimizlə bağlı sual verməyə başladıq. Otelin əməkdaşı bizim Azərbaycandan olduğumuzu bilən kimi özbək dilində danışmağa başladı. O, adının Siracəddin olduğunu dedi və bildirdi ki, əslən Xarəzmdəndir. "Xarəzm ləhcəsi ilə Azərbaycan dili bir-birinə çox yaxındır. Ona görə sizin danışdıqlarınızı anlayıram", - dedi Siracəddin. Xarəzmli gənc bizə Daşkənddə hara gedə biləcəyimizi təfsilatı ilə izah edir və bunu o qədər səmimiyyət və istiqanlılıqla edirdi ki, insanda rəğbət doğururdu.
Siracəddinin verdiyi "xəritə"ni götürüb əsrarəngiz Daşkəndi gəzməyə çıxdıq. Daşkənd adının əksinə olaraq yamyaşıl şəhərdir. Şəhərin aurası çox qəribədir. Müasirliklə tarixin sintezi var Özbəkistanın paytaxtında. Əhalisinin sayı 3 milyondan çox olsa da sıxlıq az, hüzur çoxdur bu şəhərdə. Şəhəri gəzməyə o qədər aludə olduq ki, bir də gördük acmışıq. Yerli sakinlər dedilər ki, Daşkənddə Özbəkistan mətbəxinin ən ləziz yeməklərini dadmaq üçün ən uyğun yer dünyaca məşhur "Çorsu" bazarıdır. 2026-cı ilin yayında UNESCO-nun ümumdünya irsi siyahısına düşən "Çorsu" bazarı tam bir arxitektura şedevridir. Bazarın məşhur mavi günbəzlərini videolardan çox görmüşdüm. Bircə qalırdı gedib canlı görmək. "Çorsu"ya getmək üçün dayanacaqda avtobus gözləyən yeniyetmə qızların yardımından istifadə etdik. Onlar bizə məmnuniyyətlə bələdçilik edəcəklərini bildirərək yola düzəldilər. Yolboyu ölkəmiz haqqında çoxlu suallar verir və Azərbaycanı necə çox sevdiklərini dəfələrlə deyirdilər. Artıq əsrarəngiz "Çorsu"nun mavi günbəzləri görünürdü. Qızlara təşəkkür edib yemək verilən yeri birtəhər tapacağımızı bildirdik. Gülərüzlü, mələkgözlü özbək qızları bizi düz "Çorsu"nun yemək verilən və turistlər tərəfindən ən çox sevilən hissəsinədək ötürəcəklərini və yalnız bundan sonra öz işlərinin arxasınca gedəcəklərini dedilər. Bəli özbəklər belədir, əgər yolu soruşarsansa, işini-gücünü atıb səni düz mənzilbaşınadək aparacaq. Onlar üçün qonaq hər şeydən ümdədir. Üstəlik əgər bu qonaq Azərbaycandandırsa onda ikiqat sevimli olur. "Çorsu"da yolüstü tərifli Özbəkistan kişmişi almaq üçün dayandıq. Satıcı oğlan bizim Azərbaycandan olduğumuzu bilən kimi sevinclə "bizim oğlan sizdə oynayır" ("Sabah"da çıxış edən özbəkistanlı Umarəli Rahmonəliyevi nəzərdə tuturdu - A.Ə.) deyərək qışqırdı. Özbək satıcı Çempionlar Liqasında "Sabah"a və Umarəliyə azarkeşlik etdiklərini deyirdi.
Uzun sözün qısası. Gəldik çatdıq "Çorsu"nun "Yemək cənnəti"nə. Burada tərifli Daşkənd plovu, kabab, samsa, şurpa, mastava, narın, laqman və Özbəkistan məxtəbəxinin ən ləzzətli yeməkləri bişirilib elə buradaca alıcılara təklif olunurdu. "Çorsu" bazarının üzərinə bu ləzzətli təamlardan qalxan tüstü ilə dolmuşdu.
Amma Philip Morris International-ın Daşkənddə keçirdiyi Technovation konfransı həmişəki kimi tüstüsüz gələcəyə doğru devizi altında baş tuturdu. Daşkənd səması üzərində siqaret tüstüsü yox, ləzzətli Özbəkistan milli xörəklərindən qalxan əsrarəngiz ətirli tüstü hiss edilirdi. Heç şübhəsiz ki, Technovation konfransının keçirilmə yerinin Daşkənd seçilməsi də bu səbəbdən təsadüfi deyildi. 2026-cı ildə konfrans artıq Vaşinqton, Stokholm, Bakı və Rabatda keçirilib. Daşkənd texnologiyaların iqtisadiyyatı, istehsalı və biznes, dövlət və istehlakçılar arasındakı münasibətləri necə dəyişdirdiyi barədə müzakirələr üçün növbəti meydançaya çevrilmişdi. Tədbirdə Özbəkistanın dövlət orqanlarının nümayəndələri, elmi və tibbi ictimaiyyət, tənzimləmə sahəsində beynəlxalq ekspertlər, həmçinin iri yerli və xarici şirkətlərin nümayəndələri iştirak edirdilər.
Konfransın keçirildiyi bir gün əvvəl Daşkənd küçələrində rastlaşdığımız yeniyetmələrlə görüşdükdən sonra beynimdə bir fikir keçirdi "Bu işıqlı uşaqlar sanki dünyanın pisliklərindən uzaqda qalmışdılar Görəsən onları belə təmiz, saf olaraq qoruyub saxlamaq mümkündürmü?" Beynimdə dolaşan bu suala Technovation konfransında həkim-terapevt, daxili xəstəliklər üzrə mütəxəssis, Daşkənd Dövlət Tibb Universitetinin müəllimi və tədqiqatçısı Javohir Azizoviç Xalmuhamedov cavab verdi. O, bildirdi ki, "Uşaqların və yeniyetmələrin siqaret, alkoqol və digər risk faktorlarından qorunması qeyd-şərtsiz prioritet olaraq qalmalıdır".
Bəli prioritet bu olmalıdır. Gənc nəsli pisliklərdən qorumaq Javohir Xalmuhamedovun təbirincə desək uğurlu innovasiya böyüklərə daha sağlam qərarlar verməyə kömək edir və eyni zamanda gənc nəsli etibarlı şəkildə qoruyur.
"Müalicə edilə bilməyən xəstəliklər yoxdur, yalnız iradə yoxdur, faydasız otlar yoxdur, yalnız bilik çatışmazlığı var".
Bu sözləri hələ XI əsr əvvəl Özbəkistanın Buxara şəhəri yaxınlığında doğulmuş və islam dünyasında şöhrət qazanmış, həkim, filosof İbn Sina demişdi.
Üstündən təxminən min ildən çox bir vaxt keçdikdən sonra İbn Sinanın vətənində onun adını daşıyan Tacikistan Dövlət Tibb Universitetinin professoru, həkim-onkoloq Səidə Qayratovna Umarzado da Technovations konfransında iştirak edirdi.
Səidə xanım da öz həmkarları kimi dəyərli fikirləri ilə yadda qaldı.
"Bir çox qeyri-infeksion xəstəliklər dəyişdirilə bilən risk faktorları ilə bağlıdır: siqaret çəkmə, qeyri-sağlam qidalanma, şəkər və duzun həddindən artıq olması, fiziki aktivliyin azlığı, alkoqoldan zərərli istifadə və xroniki stress. Yalnız qadağalar çox vaxt kifayət etmir. İnsanlara etibarlı məlumat, mütəxəssis dəstəyi və daha az riskə doğru irəliləməyə imkan verən praktik, elmi cəhətdən əsaslandırılmış həllər lazımdır".
İbn Sinanın XXI əsrdəki davamçısı və həmkarı olan Səidə Umarzado əslində dahi təbibin əsrlər əvvəl söylədiyi fikirləri bu sözləri inkişaf etdirib deyirdi.
Daşkənddən, bu sevgi dolu şəhərdən böyük təəssüratlarla ayrılırdıq. Özbəkistan, özbəkistanlılar bizə elə qucaq açmışdılar bu səfərin xatirələri hələ uzun illər yaddaşımızdan silinməyəcək və bu Mərkəzi Asiyanın incisi olan məmləkətdən söz düşdükcə ürəyimiz fərəh hissi ilə dolacaq.
Hələlik Daşkənd, hələlik Özbəkistan. Bir gün yenə bu gözəl ölkəyə geri dönmək ümidilə!
Azad ƏLİYEV
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.