
Malayziyadan Sinqapura istirahətə getmək istəyən ər-arvad sərhəd-keçid məntəqəsində saxlanılıb.
BAKU.WS xəbər verir ki, onların avtomobilindən təxminən 3 milyon türk lirəsi dəyərində nağd pul aşkarlanıb.
Hadisə oktyabrın 27-də Malayziyanın Cohor-Bahru şəhərində yerləşən Sultan İskəndər sərhəd-keçid məntəqəsində baş verib.
Malayziya Sərhəd Nəzarəti və Mühafizəsi Agentliyinin əməkdaşları sürücünün şübhəli davranışlarını müşahidə etdikdən sonra Sinqapura keçmək istəyən "Toyota Alphard" markalı avtomobili saxlayıblar.
Yaşlarının 41 və 42 olduğu bildirilən ər-arvadın olduğu avtomobildə ətraflı yoxlama aparılıb.
Üç əməkdaşın iştirakı ilə aparılan axtarış zamanı avtomobilin baqajında və salonunda yerləşən üç qutu, kağız torba və qara rəngli bel çantasında böyük məbləğdə nağd pul aşkarlanıb.
Sərhəd əməkdaşlarının suallarını cavablandıran cütlük Sinqapura istirahət məqsədilə getdiklərini söyləyib. Lakin avtomobildəki külli miqdarda nağd pulun sərhədi keçməzdən əvvəl bəyan edilmədiyi müəyyənləşib.
Bundan sonra ər-arvad, aşkarlanan pullar və avtomobillə birlikdə Malayziya Gömrük Departamentinə təhvil veriliblər.
Hadisə ilə bağlı araşdırma davam edir.
Qeyd edək ki, Malayziyada ölkəyə giriş və ölkədən çıxış zamanı 10 min ABŞ dollarını aşan nağd pulun və müəyyən ödəniş vasitələrinin müvafiq qurumlara bəyan edilməsi tələb olunur.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.