
Abşeron rayonunun Hökməli kəndi yaxınlığında yerləşən, əhalinin sıx məskunlaşdığı ərazidə yol və kanalizasiya problemi sakinlərin narazılığına səbəb olub.
Bu barədə paytaxt sakini Leyla Abdullayeva BAKU.WS-in "qaynar xətti"nə müraciət edib.
Onun sözlərinə görə, ərazidə yollar uzun illərdir bərbad vəziyyətdədir. Sakinlər 15 ildən artıqdır ki, bu problemlə üzləşirlər. Ərazidə kanalizasiya sisteminin olmaması da vəziyyəti daha da çətinləşdirir.
Şikayətçinin sözlərinə görə, xüsusilə yağışlı havalarda yollarda hərəkət etmək demək olar ki, mümkünsüz olur. Yağış suları səbəbindən yollar keçilməz vəziyyətə düşür, sakinlərin gündəlik gediş-gəlişində ciddi çətinliklər yaranır.
Leyla Abdullayeva qeyd edib ki, ərazidə əhalinin sıx yaşamasına baxmayaraq, uzun illərdir yol və kanalizasiya infrastrukturu ilə bağlı problemlər həllini tapmır.
Sakinlər aidiyyəti qurumlardan ərazidə yolların təmir olunmasını, kanalizasiya sisteminin qurulmasını və uzun müddətdir davam edən problemlərin aradan qaldırılmasını xahiş edirlər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.