
Bir şəhərin adı bəzən bir ömrün xatirəsinə, bir xalqın həsrətinə və bir mahnının misralarına çevrilir.
Mərhum Məhəbbət Kazımovun ifasında dillər əzbərinə çevrilən "Laçınım" mahnısı da illərdir Laçın sevgisini, nisgilini və doğma yurda bağlılığı özündə ehtiva edir.
BAKU.WS xəbər verir ki, sözügedən mahnının sözlərinin müəllifi Osman Alıoğlu Laçın Şəhər Günü münasibəti ilə Oxu.Az-a müsahibə verib. O, videomüsahibəsində "Laçınım" mahnısının necə yaranması, illər ərzində qazandığı məna və şəhərin azadlığından sonra yaşanan duyğular barədə fikirlərini bölüşüb:
Müsahibimizin sözlərinə görə, mahnının sözlərini Laçının işğalının birinci ildönümündə yazıb:
"1998-ci ildə televizorda Məhəbbət Kazımovun Füzulidə əsgərlərin qarşısında bu mahnını ifa etdiyini gördüm. Lakin mahnının sözlərinin onun əlinə necə keçməsindən xəbərsiz idim. Mahnının sözlərində dəyişiklik də var idi. Hətta bir dəfə Məhəbbət Kazımovun "Şuşa" kinoteatrında Könül Kərimova ilə konsertinə getmişdim. Orada Məhəbbət müəllim dedi ki, mahnının sözlərinin müəllifi tovuzlu yol polisi Fəxrəddin Rəhimovdur. O vaxtlar bir jurnalist dostum var idi, Məhəbbət Kazımovla tanış idi, ondan xahiş etdim ki, bizi görüşdürsün. Bilmək istəyirdim, bu şeiri haradan əldə edib".
"Lakin mahnının sözlərinin müəllifi kimi mərhum şair Məmməd Aslanın da adı hallanıb. 2001-ci ildə "Min bir mahnı" adlı kitab nəşr olunmuşdu. Həmin kitabda "Laçınım" mahnısının musiqisi Məhəbbət Kazımov, sözləri Məmməd Aslan kimi qeyd edilmişdi. Məhəbbət müəllim məni evlərinə çağırdı, yanımda Məmməd Aslana zəng etdi, o isə şeirin müəllifi olmadığını dedi. Məlum oldu ki, müəllifin kimliyini bilmədikləri üçün səhvən onun adını yazıblar. Məhəbbət müəllim həmin kitabı nəşriyyata aparıb dedi ki, mahnının sözlərinin müəllifi təhrif olunub. Kitabın hər birinin pulunu ödəyib və ondan sonra nəşr satışdan yığışdırıldı. Daha sonra Müəllif Hüquqları Agentliyində müəllif kimi məni adımı yazdırdı və kitab yenidən nəşr edildi", - müsahibimiz deyib.
O.Alıoğlu laçınlıları şəhər günü münasibətilə təbrik edib:
"Valideynlərim, qohumlarım Laçın həsrəti ilə dünyadan köçdülər. Hamısı son nəfəslərində Laçının bir qurtum suyunu arzuladı. Allah məkanlarını cənnət eləsin, indi ruhları şaddır. Laçında yaşayanlar dünyanın bəxtəvərləridir. Laçına getmək arzusunda olanlara da bu bəxtəvər günləri yaşamağı diləyir, özümü də onların yanında görmək istəyirəm".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.