
"Real Madrid" heyətini daha bir gənc istedadla gücləndirməyə hazırlaşır.
AVESTA.AZ xəbər verir ki, İspaniya nəhəngi "Rasinq Santander"də çıxış edən 19 yaşlı Serxio Martinesin transferi ilə bağlı razılığa gəlib.
Transfer xəbərləri üzrə tanınmış insayder Fabritsio Romanonun məlumatına görə, Madrid klubu futbolçunun keçidi üçün 3 milyon avro ödəyəcək. Martineslə 2030-cu ilin yayına qədər müqavilə imzalanacaq.
Gənc yarımmüdafiəçi "Rasinq"in yetirməsidir və İspaniyanın aşağı yaş qrupları üzrə milli komandalarında çıxış edib. Martinesin "Real Madrid"ə keçiddən sonra "Kastilya"da forma geyinməsi, eyni zamanda əsas komandanın məşqlərinə cəlb olunması gözlənilir.
Qeyd edək ki, 19 yaşlı futbolçuya bir sıra digər klubların da maraq göstərdiyi, lakin onun karyerasını Madrid təmsilçisində davam etdirmək qərarına gəldiyi bildirilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.