
2026-cı il sentyabrın 1-dən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan 72 212 tibb işçisini əhatə edən yeni əməkhaqqı qaydaları tətbiq olunacaq. Onlardan 36 041 nəfəri orta, 20 367 nəfəri kiçik tibb heyəti, 8 675 nəfəri ambulator tibbi xidmət göstərən həkimlər, 7 129 nəfəri isə ilkin səhiyyə, təcili tibbi yardım, anesteziologiya-reanimatologiya və kadr çatışmazlığı olan dar ixtisaslar üzrə çalışan həkimlərdir.
AVESTA.AZ-in məlumatına görə, İslahat nəticəsində TƏBİB sistemi üzrə illik əməkhaqqı fondu 189 milyon manat artıb. Əməkhaqqı artımları vəzifə, ixtisas, iş yükü, fəaliyyət göstəriciləri və regionlardakı kadr təminatı nəzərə alınmaqla diferensiallaşdırılacaq.
İlkin səhiyyə xidməti göstərən ailə və sahə həkimlərinin aylıq əməkhaqqı 1 150 manatdan 2 000 manata yüksələcək. Təcili tibbi yardımda RTTTYM həkimlərinin əməkhaqqı 1 550 manatdan 2 200 manata, tibb mərkəzlərinin təcili tibbi yardım şöbələrində çalışan həkimlərin əməkhaqqı isə 1 550 manatdan 2 500 manata çatdırılacaq. 3A və 3B kateqoriyalı tibb müəssisələrinin təcili tibbi yardım şöbələrində çalışan həkimlərin aylıq əməkhaqqı 2 100 manatdan 3 000 manata yüksələcək.
İslahatın əsas istiqamətlərindən biri regionlarda həkim çatışmazlığının aradan qaldırılmasıdır. Bakı, Abşeron, Sumqayıt və Gəncə istisna olmaqla, kadr çatışmazlığı olan ərazilərdə müəyyən ixtisaslar üzrə əlavə stimullaşdırıcı ödənişlər tətbiq ediləcək.
Belə ki, regionlarda çalışan uşaq anestezioloq-reanimatoloqlarının əməkhaqqı 1 450 manatdan 3 000 manata, neonatoloqların əməkhaqqı 1 450 manatdan 2 400 manata, hemodializ həkimlərinin əməkhaqqı isə 1 450 manatdan 2 250 manata çatdırılacaq. Mama-ginekologiya, neyrocərrahiyyə, uşaq cərrahiyyəsi, ürək-damar cərrahiyyəsi, üz-çənə cərrahiyyəsi və travmatologiya üzrə həkimlərin aylıq əməkhaqqı 1 450 manatdan 2 150 manata yüksələcək.
Həkim çatışmazlığı olan regionlarda cərrahi, stasionar terapevtik, fizioterapiya və reabilitasiya, anesteziya və invaziv radioloji xidmətlər üzrə nəticəyə görə əlavə ödənişlərə 1,3 əmsalı tətbiq olunacaq.
Ambulator xidmət göstərən həkimlər üçün isə əvvəlki kiçik faiz ödənişləri əvəzinə aylıq baxış sayına əsaslanan diferensiallaşdırılmış sabit əlavə tətbiq ediləcək. Həkimlərin həvəsləndirici ödənişləri tibbi xidmətin keyfiyyəti və pasiyent məmnuniyyəti ilə də əlaqələndiriləcək.
Orta və kiçik tibb heyətinin əməkhaqqısı da artırılacaq. 36 041 orta tibb işçisinin aylıq əməkhaqqı artımı 17 faiz, 20 367 kiçik tibb işçisinin əməkhaqqı artımı isə 18 faiz təşkil edəcək.
Baş tibb bacılarının da məsuliyyəti nəzərə alınaraq diferensial artımlar müəyyənləşdirilib. Məsələn, 3B kateqoriyalı tibb müəssisəsində çalışan baş tibb bacısının aylıq əməkhaqqı 1 454 manatdan 2 125 manata yüksələcək.
Yeni sistemlə tibb işçilərinin gəlirlərinin artırılması ilə yanaşı, regionlara kadr axınının gücləndirilməsi, xidmət keyfiyyətinin yüksəldilməsi və pasiyent məmnuniyyətinin artırılması hədəflənir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.