
Bakının qədim tarixi-memarlıq abidələrindən biri olan Ramana Qəsri yeni konsepsiya əsasında fəaliyyətə başlayıb. Əsrlər yaşı olan qəsr artıq yalnız tarixi abidə kimi deyil, müasir texnologiyaların tətbiq olunduğu muzey məkanı kimi ziyarətçiləri qəbul edir.
AVESTA.AZ xəbər verir ki, Ramana qəsəbəsinə təşkil olunan infoturda verilən məlumata görə, muzey konsepsiyasının əsas ideyası "Tarixə açılan pəncərə"dir. Bu yanaşma ilə məqsəd tarixi-memarlıq irsini qorumaqla yanaşı, ziyarətçilərə həmin dövrü müasir texnologiyalar vasitəsilə daha yaxından hiss etdirməkdir.
Qəsrin daxilində yaradılan ekspozisiya və dizayn elementləri abidənin tarixi görünüşünə uyğunlaşdırılıb. Vitrinlər, podiumlar, informasiya panelləri və digər detallar Ramana Qəsrinin memarlıq xüsusiyyətlərindən ilhamlanaraq hazırlanıb.
Muzey ekspozisiyası ziyarətçiyə Ramana Qəsrinin tarixi, Abşeronun orta əsrlər müdafiə sistemi, hərb sənəti, gündəlik həyat və həmin dövrün mədəniyyəti barədə ardıcıl məlumat verir. Burada ənənəvi eksponatlar multimedia texnologiyaları ilə tamamlanır.
Ekspozisiyanın mühüm hissəsini 2024–2026-cı illərdə qəsrin ərazisində aparılan arxeoloji qazıntılar zamanı aşkarlanan maddi-mədəniyyət nümunələri təşkil edir.
Muzeydə "Seyri-Tarix", "Seyri-Silah", "Seyri-Tərz" və "Seyri-Həyat" adlı bölmələr yaradılıb. Bu bölmələr vasitəsilə ziyarətçilər müxtəlif aspektlərdən orta əsrlər dövrü ilə tanış ola bilirlər.
"Seyri-Tarix" bölməsində Abşeron yarımadasının müdafiə sistemi və Ramana Qəsrinin bu sistemdəki rolu təqdim olunur. Burada qəsrin XIV əsrdəki ehtimal olunan görünüşünü və 1935-ci ildə qeydə alınmış vəziyyətini əks etdirən maketlər, tarixi fotolar, arxiv materialları və məlumat panelləri yerləşdirilib.
"Seyri-Silah" bölməsi orta əsr hərb sənətinə həsr olunub. Burada XIV–XVI əsrlərə aid silahların rekonstruksiyaları, nizə ucluqları, xəncər tiyəsi, döyüş atının nalı və digər arxeoloji tapıntılar nümayiş etdirilir. Multimedia təqdimatları vasitəsilə həmin dövrün silahlarının hazırlanması və istifadəsi də canlandırılır.
"Seyri-Tərz" bölməsində isə orta əsrlərin gündəlik həyatı, məişəti və sənətkarlıq ənənələri təqdim edilir. Arxeoloji qazıntılar zamanı tapılmış keramika və saxsı məmulatlar, şüşə bilərziklər, yağ və neft çıraqları, şirli qablar, kaşı və dekorativ plitələr ziyarətçilərə təqdim olunur.
Muzeyin ən diqqətçəkən hissələrindən biri "Seyri-Həyat" bölməsidir. Burada orta əsr feodal-cəngavərinin həyat yolu animasiya və multimedia texnologiyaları ilə nümayiş etdirilir. Günbəz formalı tavanda yaradılan immersiv videoproyeksiya vasitəsilə cəngavərin uşaqlığından başlayaraq təlimi, ailə həyatı və döyüşlərdə iştirakı canlandırılır.
Qəsrin müxtəlif dövrlərdə necə göründüyünü göstərən rekonstruksiya maketləri də ekspozisiyada xüsusi yer tutur. Bu maketlər tarixi mənbələr, arxeoloji araşdırmalar və memarlıq analizləri əsasında hazırlanıb.
Muzeydə interaktiv ekranlar, elektron məlumat panelləri, audio-vizual materiallar, animasiyalar, videoproyeksiya və videomapinq kimi texnologiyalardan istifadə olunur. Məlumatlar Azərbaycan və ingilis dillərində təqdim edilir.
"Tarixə açılan pəncərə" konsepsiyası qəsrin memarlıq detallarında da özünü göstərir. Qəsrin dar və hündür mazğal tipli pəncərələrinin formaları müasir dizayn elementlərində yenidən şərh olunub. Keçmişdə müdafiə və müşahidə məqsədi daşıyan bu pəncərələr muzeydə tarixə simvolik baxış nöqtəsi kimi təqdim edilir.
Ramana Qəsrinin dam terrası da ziyarətçilərin marağına səbəb olacaq məkanlardan biridir. Buradan ətraf əraziyə panoramik mənzərə açılır. Terrasda yerləşdirilən "Alov" heykəltəraşlıq kompozisiyası isə qəsrin tarixi və simvolik əhəmiyyətini ifadə edir.
Qəsrin ətraf ərazisində də yenilənmə işləri aparılıb. Giriş meydançası və piyada yolları yenidən təşkil edilib, açıq hava ekspozisiyası yaradılıb. Ziyarətçilərin rahatlığı üçün əlçatanlıq və təhlükəsizlik həlləri də nəzərə alınıb.
Muzeyin işıqlandırılmasında da xüsusi yanaşmadan istifadə olunub. Tarixi daş hörgünün və memarlıq detallarının daha aydın görünməsi üçün daxili və xarici işıqlandırma sistemi yaradılıb. Bu işlər İtaliyanın "Linea Light Group" şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib.
Beləliklə, əsrlərdir Bakının tarixi mənzərəsinin mühüm hissəsini təşkil edən Ramana Qəsri yeni funksiyada ziyarətçilərini qarşılayır. Burada qədim memarlıq, arxeoloji tapıntılar və müasir texnologiyalar bir məkanda birləşdirilərək Azərbaycan tarixinin müxtəlif səhifələri ziyarətçilərə yeni formatda təqdim olunur.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.