
Yeni smartfon alan istifadəçilərə köhnə cihazlarını dərhal satmamaq və ya dəyişdirməmək tövsiyə olunur. İkinci telefon müxtəlif hallarda ehtiyat cihaz kimi istifadə edilə bilər.
AVESTA.AZ xəbər verir ki, bu barədə "How-To Geek" nəşri yazıb.
Mütəxəssislərin fikrincə, ikinci smartfonu gündəlik həyatda konkret məqsədlər üçün istifadə etmək mümkündür. Köhnə cihaz musiqi dinləmək, film və videolara baxmaq üçün ayrıca multimedia qurğusuna çevrilə bilər. Bu halda əsas telefonun yaddaşı da əlavə fayllarla yüklənməz.
İkinci smartfonun digər mühüm üstünlüyü isə ehtiyat cihaz kimi saxlanılmasıdır. Əsas telefon sıradan çıxarsa, itərsə və ya texniki problem yaranarsa, köhnə smartfon müvəqqəti olaraq istifadəçinin köməyinə çata bilər.
Bundan başqa, köhnə telefondan iş və təhsil məqsədləri üçün də yararlanmaq mümkündür. Məsələn, işəgötürən əməkdaşa ayrıca telefon təqdim etmirsə, köhnə cihaz korporativ elektron poçt, sənədlərlə işləmək və həmkarlarla əlaqə saxlamaq üçün istifadə oluna bilər.
Nəşr hesab edir ki, ikinci smartfonun saxlanılması həm rahatlıq, həm də təhlükəsizlik baxımından faydalıdır. Xüsusilə əsas cihazla bağlı gözlənilməz problem yarandıqda ehtiyat telefon istifadəçinin əlaqəsiz qalmasının qarşısını ala bilər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.