
Dağ-mədən və metallurgiya sənayesinin inkişafı ilə bağlı Dövlət Proqramının icrası çərçivəsində Azərbaycanda 10 mindən çox yeni iş yerinin yaradılması gözlənilir.
Bunu AVESTA.AZ-ə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə əsas diqqət yetirilən məsələlərdən biri də yeni və daimi məşğulluq imkanlarının yaradılması olub:
"Təsdiqlənmiş Dövlət Proqramına əsasən, yeni iş yerlərinin həm işğaldan azad edilmiş ərazilərdə, həm də ölkənin digər bölgələrində yaradılması nəzərdə tutulur. Proqram çərçivəsində Daşkəsən və Balakən rayonları, eləcə də Bakı və Gəncə şəhərlərində müxtəlif layihələrin həyata keçirilməsi planlaşdırılır.
İlkin hesablamalara görə, proqramın icrası nəticəsində 5 mindən çox daimi iş yeri açılacaq. İnfrastrukturun qurulması və tikinti mərhələsində yaranacaq müvəqqəti məşğulluq imkanları da nəzərə alındıqda, ümumi yeni iş yerlərinin sayının 10 mindən çox olacağı gözlənilir.
Yeni məşğulluq imkanlarının əsas hissəsinin işğaldan azad edilmiş Kəlbəcər və Ağdərə ərazilərində, həmçinin filiz yataqlarının yerləşdiyi və dağ-mədən-metallurgiya sənayesinin inkişaf etdiriləcəyi digər bölgələrdə yaradılması nəzərdə tutulur".
Deputat əlavə edib ki, proqram çərçivəsində yeni istehsal müəssisələrinin və zavodların qurulması planlaşdırılır:
"Bu layihələrin həyata keçirilməsi həm sənaye potensialının genişləndirilməsinə, həm də bölgələrdə yeni iş imkanlarının formalaşmasına şərait yaradacaq.
Yeni vakansiyaların yalnız texniki işçiləri əhatə etməyəcəyi, müxtəlif istiqamətlər üzrə ixtisaslı kadrlara da tələbatın yaranacağı bildirilir. Xüsusilə mühəndislər, geoloqlar, mədən işləri və əməyin mühafizəsi üzrə mütəxəssislər üçün daimi iş yerlərinin yaradılması gözlənilir.
Növbəti ildən etibarən bu sahədə yeni vakansiyaların elan olunması və iş imkanlarının təqdim edilməsi daha da genişlənəcək. İxtisaslı kadrlara tələbatın artması onların əməkhaqlarının da yüksək olmasına şərait yarada bilər.
Xüsusilə özəl sektorda həm peşəkar mütəxəssislər, həm də texniki işçilər üçün yeni vakansiyaların açılması və daha yüksək əməkhaqqı təkliflərinin formalaşması gözlənilir".
Orxan Hüseyn
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.