
Dubaydan Təl-Əvivə uçan "FlyDubai" təyyarəsində pilotlar arasında baş verən insidentlə bağlı yeni detallar ortaya çıxıb.
BAKU.WS xəbər verir ki, Rusiyanın əməkdar pilotu Yuri Sıtnik təyyarə pilotlarından birinin üzərində bıçağın olmasının aviasiyada qeyri-adi hal olmadığını bildirib.
Onun sözlərinə görə, pilotların üzərində çoxfunksiyalı cib bıçağının olması aviasiyada müəyyən hallarda standart təcrübə hesab olunur. Belə alətin məcburi eniş zamanı müxtəlif məqsədlər üçün istifadə edilə biləcəyi qeyd olunur.
Sıtnik ehtimal edir ki, uzunmüddətli uçuşlar zamanı ekipaj üzvləri arasında şəxsi fikir ayrılıqları yarana bilər. Onun fikrincə, danışıq tərzi, zarafatlar və ya təyyarənin idarə olunması ilə bağlı yanaşmalar belə gərginliyə səbəb ola bilər.
Digər ekspert Andrey Patrakov isə pilotlar arasında baş verə biləcək fiziki qarşıdurmanın sərnişinlər üçün ciddi təhlükə yarada biləcəyini bildirib. Onun sözlərinə görə, hər iki pilotun idarəetmə imkanını itirməsi halında təyyarənin təhlükəsiz uçuşunun təmin edilməsi çətinləşir.
Ekspert qeyd edib ki, müasir avtomatik idarəetmə sistemi pilotları tam əvəz etmir. Sistemə nəzarət, uçuş parametrlərinin qiymətləndirilməsi və xüsusilə enişə hazırlıq kimi mühüm mərhələlərdə pilotun müdaxiləsi tələb olunur.
Patrakovun sözlərinə görə, kabinədə yaranan qarşıdurma zamanı idarəetmə avadanlıqlarının zədələnməsi də mümkün risklərdən biridir. Belə vəziyyətdə təyyarənin idarə olunmasında ciddi problemlər yarana bilər.
Psixoloq Vyaçeslav Kabanov isə insidentin ekipaj üzvləri arasındakı münasibətlərin uçuş təhlükəsizliyinə təsir göstərə biləcəyini bildirib. O, pilotların ekipajlara seçilməsi zamanı onların qarşılıqlı münasibətlərinin də müəyyən hallarda nəzərə alınmasının vacibliyini qeyd edib.
Bununla yanaşı, Kabanov hadisənin səbəbinin şəxsi münasibətlərdən tutmuş digər amillərə qədər müxtəlif ehtimallarla bağlı ola biləcəyini deyib.
Qeyd edək ki, Dubaydan Təl-Əvivə uçan "FlyDubai" təyyarəsi ilə bağlı insident zamanı hava gəmisi qaçırılma siqnalı verib və bir müddət radarlardan itib. Daha sonra təyyarə ilə əlaqə bərpa olunub və hava gəmisi Səudiyyə Ərəbistanına eniş edib. Hadisədən sonra pilotların xəstəxanaya yerləşdirildiyi bildirilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.