
Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 36 saylı tam orta məktəbdə 21 şagirdin zəhərlənməsinə mağazadan alınan "Chupa Chups" markalı konfetin səbəb olduğu bildirilir.
BAKU.WS report-a istinadən xəbər verir ki, 2013-cü il təvəllüdlü, həmin məktəbin 8-ci sinif şagirdi C.N. konfeti Saray qəsəbəsində yerləşən mağazaların birindən alıb və sinif yoldaşları ilə birgə yeyib.
Nəticədə özü və daha 20 sinif yoldaşı zəhərlənmə şübhəsi ilə Sumqayıt Şəhər Uşaq Xəstəxanasına müraciət edib.
Hazırda şagirdlərin vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
*** 12:18
Sumqayıtda məktəbdə zəhərlənən şagirdlərin sayı 21-ə çatıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, onlardan 17-si oğlan, 4-ü qızdır.
Onlar Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.
Zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin müalicələri müvafiq şöbədə davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir.
***11:42
Sumqayıtda 36 nömrəli tam orta məktəbdə şagirdlər arasında kütləvi zəhərlənmə olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, ilkin məlumata görə, 14 şagird zəhərlənib.
Qeyd edilib ki, hadisə yerinə aidiyyatı qurumların əməkdaşları cəlb edilib.
TƏBİB-dən bildirilib ki, saat 10:20 radələrində 11 kişi, 3 qadın zəhərlənmə şübhəsi ilə Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub: "Zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin müalicələri müvafiq şöbədə davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.