
Beynəlxalq Valyuta Fondu (IMF) Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabının profisitinə dair 2026-2027-ci illər üzrə proqnozlarını nəzərəçarpacaq dərəcədə artırıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu, IMF-nin "Dünya iqtisadiyyatının inkişaf perspektivləri: təzyiq altında dayanıqlılıq, təxirəsalınmaz seçim" başlıqlı oktyabr hesabatında yer alıb.
Belə ki, 2026-cı ildə Azərbaycanın cari əməliyyatlar hesabının profisiti ümumi daxili məhsulun (ÜDM) 11,3 %-ini, 2027-ci ildə isə 9,8 %-ini təşkil edəcəyi gözlənilir. Fondun bundan əvvəlki (may ayına olan) proqnozlarında Azərbaycanın cari əməliyyatlar hesabının profisitinin 2026-cı ildə ÜDM-in 9,7 %-i, 2027-ci ildə isə 5,4 %-i həddində olacağı nəzərdə tutulurdu.
2026-cı ilin birinci yarımilliyinin nəticələrinə əsasən, Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabının profisiti ÜDM-in 12,4 %-i və ya 4,738 milyard ABŞ dolları həcmində qiymətləndirilib.
IMF-nin may ayında açıqladığı proqnozlara görə, 2026-cı ildə Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabının profisitinin 7,572 milyard ABŞ dollarına yüksələcəyi gözlənilirdi.
Öz növbəsində, Azərbaycan Mərkəzi Bankı cari ilin may ayında cari əməliyyatlar hesabının profisitini 2026-cı il üçün 5,5 milyard dollar, 2027-ci il üçün isə 4,4 milyard dollar səviyyəsində proqnozlaşdırmışdı.
"Fitch Ratings" beynəlxalq reytinq agentliyi isə Azərbaycanın cari əməliyyatlar hesabının profisitinin 2026-cı ildə ÜDM-in 10,9 %-i, 2027-ci ildə isə 6,2 %-i həddində formalaşacağını proqnozlaşdırır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.