
"ADY-nin əsas fəaliyyət istiqamətlərindən biri ölkədaxili sərnişindaşıma coğrafiyasının genişləndirilməsi, regionların dəmir yolu nəqliyyatı ilə əlçatanlığının artırılması və mövcud infrastrukturun modernləşdirilməsidir".
Bu barədə AVESTA.AZ-in sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) bildirilib.
Qurumdan qeyd edilib ki, son illərdə bu istiqamətdə mühüm layihələr həyata keçirilib. Bakı–Gəncə, Bakı–Ağstafa, Bakı–Qazax, Bakı–Qəbələ, Bakı–Balakən və Gəncə–Qəbələ istiqamətlərində sərnişin daşımaları təşkil olunub:
"Xüsusilə 2025-ci ildə Bakı–Ağdam–Bakı marşrutu üzrə sərnişin daşımalarının başlanması ilə Qarabağ bölgəsinin ölkənin dəmir yolu sərnişindaşıma şəbəkəsinə inteqrasiyası istiqamətində mühüm addım atılıb. Həmçinin Ucar, Ləki, Kürdəmir və Qazax stansiyalarının sərnişinlərin istifadəsinə verilməsi xidmət coğrafiyasının genişləndirilməsi tədbirlərindəndir.
Ağdam–Xankəndi dəmir yolu xəttində yenidənqurma işləri başa çatdırıldıqdan sonra Bakı–Xankəndi–Bakı marşrutu ilə sərnişinlərə xidmət göstəriləcək.
Şimal və cənub istiqamətlərində tikinti işləri başa yekunlaşdıqdan sonra həmin istiqamətlərə sərnişin daşımaları bərpa olunmacaq.
Eyni zamanda, Zəngəzur dəhlizinin reallaşması Bakı–Naxçıvan–Bakı marşrutu üzrə qatarların hərəkətinin bərpasına imkan verəcək".
Orxan Hüseyn
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.