
İtaliya və Azərbaycan investisiyaların genişləndirilməsi, texnoloji əməkdaşlıq və ticarət əlaqələrinin şaxələndirilməsi hesabına 2025-ci ildə 8 milyard avro olan ikitərəfli ticarət dövriyyəsini 10 milyard avroya çatdırmaq niyyətindədir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə nazir Adolfo Ursonun Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşünün yekunlarına dair məlumatında bildirilib.
Danışıqlar Romada baş tutub və bununla Azərbaycan nümayəndə heyəti İtaliyaya ikigünlük səfərini yekunlaşdırıb.
Tərəflər yeni investisiya imkanlarını, texnoloji tərəfdaşlıqları, kritik əhəmiyyətli xammal, innovasiyalar sahəsində əməkdaşlığı və strateji təchizat zəncirlərinin inkişafını müzakirə ediblər.
"İtaliya və Azərbaycan arasında əməkdaşlıqda yeni strateji mərhələ açılır", - A. Urso qeyd edib.
Nazirliyin məlumatına görə, İtaliya Azərbaycan ixracı üçün ən böyük bazardır və Azərbaycana mal tədarükçüləri arasında yeddinci yeri tutur. 2025-ci ildə ikitərəfli ticarətin həcmi 8 milyard avroya çatıb və buna enerji sektorundakı əməkdaşlıq təkan verib.
"Confindustria"nın Prezidenti Emanuele Orsininin təşəbbüsü ilə təşkil olunmuş səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti energetika, sənaye mühəndisliyi, rəqəmsal texnologiyalar və materialların emalı sahələrində fəaliyyət göstərən İtaliya şirkətlərinin nümayəndələri ilə görüşlər keçirib.
Əlaqələrin qurulduğu şirkətlər arasında "Eni", "Snam", "Saipem", "Ansaldo Energia", "Danieli", "Aruba", TIM, "Circular Materials", "Italpreziosi" və TCA yer alır.
Bu istiqamətlərdə qarşılıqlı fəaliyyətin genişləndirilməsi iki ölkənin sənaye tərəfdaşlığını gücləndirməyə, ticarəti şaxələndirməyə və ənənəvi enerji əməkdaşlığından kənarda investisiyalar üçün yeni imkanlar yaratmağa yönəlib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.