
Beynəlxalq siyasətdə bəzən bir dəvət diplomatik protokoldan daha böyük məna daşıyır. Çünki qlobal güc mərkəzlərinin kimlərlə eyni masa arxasında əyləşmək istəməsi, hansı ölkələrin mövqeyini dinləməyə ehtiyac duyması və hansı liderlərlə dialoqa üstünlük verməsi dünya siyasətindəki real münasibətlərin göstəricilərindən biridir.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 Liderlər Sammitinə dəvət etməsi də məhz bu kontekstdə qiymətləndirilməlidir. Söhbət dünyanın aparıcı iqtisadiyyatlarını və siyasi güc mərkəzlərini bir araya gətirən, qlobal iqtisadiyyatın, təhlükəsizliyin, enerji siyasətinin və beynəlxalq əməkdaşlığın müzakirə olunduğu nüfuzlu platformadan gedir.
G20 hazırda 19 ölkəni və Avropa İttifaqını (Aİ) birləşdirən hökumətlərarası forumdur. "Böyük iyirmilik" beynəlxalq maliyyə sabitliyi, iqlim dəyişikliyinin azaldılması və davamlı inkişaf kimi qlobal iqtisadiyyatla bağlı əsas məsələləri həll etmək üçün çalışır. G20 həm sənayeləşmiş, həm də inkişaf etməkdə olan ölkələr də daxil olmaqla dünyanın ən böyük iqtisadiyyatlarının əksəriyyətindən ibarətdir və qlobal ümumi daxili məhsulun (ÜDM) təxminən 90 faizini, beynəlxalq ticarətin 75-80 faizini üçdəikisini təşkil edir. Dünya əhalisinin və dünyanın quru ərazisinin təxminən yarısını təşkil edir.
Azərbaycan G20-nin daimi üzvü deyil. Buna baxmayaraq, ölkə rəhbərinin ABŞ prezidentinin dəvəti ilə bu sammitdə iştirak edəcək liderlər sırasında yer alması Azərbaycanın beynəlxalq münasibətlər sistemində qazandığı mövqeyin diqqətəlayiq göstəricisidir.
Bu dəvətin əhəmiyyətini anlamaq üçün bir məqamı xüsusi vurğulamaq lazımdır. G20-nin tamhüquqlu üzvü olmayan bir neçə iştirakçı sammitlərdə iştirak etmək üçün dəvətnamələr alırlar. Daimi qonaq dəvətçilər İspaniya hökuməti, Cənub-Şərqi Asiya Xalqları Assosiasiyasının sədri, Afrika İttifaqının sədri və Afrikanın İnkişafı Naminə Yeni Tərəfdaşlıq nümayəndəsi öz təşkilatlarının rəhbərləri və öz dövlətlərinin hökumət başçıları kimi öz imkanları daxilində dəvət olunurlar. Bundan əlavə, Maliyyə Sabitliyi Şurası, Beynəlxalq Əmək Təşkilatı, Beynəlxalq Valyuta Fondu, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Birləşmiş Millətlər Təşkilatı, Dünya Bankı Qrupu və Ümumdünya Ticarət Təşkilatı öz təşkilatlarının siyasət məqsədləri çərçivəsində sammitöncəsi planlaşdırmada iştiraka dəvət olunurlar.
Digər dəvətçilər isə ev sahibi olan ölkə tərəfindən adətən öz regionundan bir və ya iki ölkə olmaqla seçilir. Lakin bu dəvət okeanın bu tayına -məhz Azərbaycan Prezidenti İlham Əliyevə göndərilir. Səbəb isə aydındır: Azərbaycanın formalaşdırdığı xarici siyasət, regional proseslərdəki rolu və beynəlxalq tərəfdaşlarla qurduğu münasibətlər sistemi. Əminliklə demək olar ki, İlham Əliyev xarici siyasətdə fövqəladə bacarığa malik olan nadir liderlərdəndir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.