
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) Astara rayonunun Bala Şahağac və Qamışoba kəndlərində içməli su təchizatının yaxşılaşdırılması istiqamətində layihə həyata keçirib.
Bu barədə BAKU.WS-ə Agentlikdən məlumat verilib.
Məlumata əsasən, bu kəndlərdə mərkəzləşdirilmiş su təchizatı sisteminin yaradılması məqsədilə Astara şəhərini içməli su ilə təmin edən D710 mm diametrli magistral su kəmərindən yeni birləşmə verilib. Mövcud su təchizatı sistemi genişləndirilərək kəndlərdə yeni su xətləri inşa edilib.
Layihə çərçivəsində ümumilikdə 5,6 kilometr (km) uzunluğunda su xətti çəkilib və 430 fərdi yaşayış evinin su təchizatı şəbəkəsinə qoşulması təmin olunub. Eyni zamanda, sudan səmərəli və qənaətlə istifadə edilməsi, həmçinin istehlak olunan suyun dəqiq uçotunun aparılması məqsədilə bütün abonentlər sayğaclarla təmin edilib.
Bala Şahağac və Qamışoba kəndlərinin ümumilikdə 1 486 nəfər əhalisi var. Yeni yaradılmış su təchizatı sistemi vasitəsilə yaşayış məntəqələrinin gündəlik 300 kubmetr su tələbatının tam ödənilməsi mümkün olacaq.
Astara şəhərinin mövcud su təchizatı isə Xanbulançay su anbarı vasitəsilə həyata keçirilir. Lənkəran və Astara şəhərlərinin su təminatı məqsədilə su anbarında iki meydançada su anbarları kompleksi, həmçinin gündəlik məhsuldarlığı 30 min kubmetr olan su təmizləyici qurğular kompleksi istismar olunur.
Astara şəhəri üzrə ümumilikdə 4 578 abonent mövcuddur. Şəhərin su şəbəkəsinin ümumi uzunluğu 109 km, magistral su kəmərlərinin uzunluğu 29,2 km, kanalizasiya şəbəkəsinin uzunluğu isə 8 km təşkil edir.
Hazırda Astara şəhərində tullantı sularının kənarlaşdırılması məqsədilə D800 mm diametrli DB mikrotunelin və kanalizasiya şəbəkəsinin tikintisi işləri davam etdirilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.