
Lənkəran- Astara magistral yolunun 154-cü kilometrliyində yol-nəqliyyat qəzası zamanı ölənlərin şəxsiyyəti müəyyənləşib.
Bu barədə AVESTA.AZ-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, "Mercedes Vito" markalı avtomobilin yük avtomobilinə çırpılması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və 2 nəfər vətəndaşın deformasiyaya uğrayan avtomobildə sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
Xilasedicilər tərəfindən avtomobildə sıxılı vəziyyətdə qalan 1961-ci il təvəllüdlü Ağayeva Gülnaz Yusub qızı və 1997-ci il təvəllüdlü Nəsirov Zaman Tərlan oğlunun meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
*** 23:47
Lənkəranda TIR mikroavtobus ilə toqquşub, ölən və yaralananlar var.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının 155-ci kilometrliyində qeydə alınıb.
Belə ki, Astara istiqamətində hərəkətdə olan 99-SU-026 dövlət qeydiyyat nişanlı "Mercedes Vito" markalı sərnişin avtomobili İran İslam Respublikasına gedən yük avtomobilinə çırpılıb. İlkin məlumata görə ölən və yaralananlar var.
Hadisə yerinə FHN-nin Cənub Regional Mərkəzinin xilasediciləri cəlb olunub. Nəqliyyat vasitəsində sıxılıb qalan meyitlər çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
İlkin məlumata görə, iki nəfər həlak olub. Yaralılardan biri Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.