
"Vahid məktəbli forması şagirdlər arasında sosial bərabərliyin təmin olunmasında mühüm əhəmiyyət kəsb edir və vacib indikatorlardan biridir".
BAKU.WS xəbər verir ki, bu fikirləri Oxu.Az-a açıqlamasında təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi Nazirlər Kabinetinin təsdiqlədiyi təhsilalanlar üçün yeni geyim standartını şərh edərkən deyib.
O xatırladıb ki, Nazirlər Kabinetinin təsdiqlədiyi qərar məktəbli geyim formasını özündə əks etdirir.
"Məktəbli formasını təhsil müəssisələrində təhsil mühitinin sağlam göstəricisi hesab etmək olar. Bu məsələdə həm geyim mədəniyyətini özündə əks etdirmək, eyni zamanda təhsil prosesinə uyğun geyim tərzinin təbliği vacib elementlərdən hesab olunur.
Sözügedən məsələ sosial bərabərlik baxımından da uyğundur. Şagirdlərdə məktəbli geyim formasını tətbiq etməsək, imkanlı şəxslər daha bahalı geyimlərə üstünlük verəcək və bu zaman imkansız şəxslər arasında müəyyən qədər narazılıq yaranacaq. Onlar özlərini diskriminasiyaya, yaxud da bullinqə məruz qalmış hiss edəcəklər. O nöqteyi-nəzərdən məktəbli forması ümumi sosial bərabərlik baxımından olduqca vacib əhəmiyyət kəsb edir.
Bilirsiniz ki, biz dünyəvi təhsili ölkəmizdə tətbiq edirik. Dünyəvi təhsil onu tələb edir ki, bütün təhsilalanlar üçün konkret bərabər təhsil hüququ təmin olunsun. Qeyd edim ki, vahid məktəbli forması şagirdlər arasında sosial bərabərliyin təmin olunması baxımından vacib əhəmiyyət kəsb edir", - deyə ekspert bildirib.
Elçin Əfəndinin sözlərinə görə, uşaqların eyni parta arxasında oturması və bir-birindən seçilməməsi ümumi tədris prosesinin sağlam və qənaətbəxş olması anlamına gəlir:
"Qərar həm də sosial-iqtisadi fərqlərin qarşısının alınmasına hesablanıb. Hamının vahid formadan istifadə etməsi ümumi tədris prosesinə müsbət töhfə vermiş olacaq.
Şagirdlərin geyim qaydalarına riayət etməsi onların davranışlarına da müsbət təsir göstərə bilər. Bu, onların sosial uyğunlaşma, yəni sosial adaptasiya prosesinə, eləcə də etik davranış qaydalarına müəyyən qədər təsir edir.
Əlavə olaraq bildirim ki, bunu praktiki olaraq sərbəst geyim forması kimi də hesab etmək olar. Çünki hər bir şagird məktəbli geyim formaları arasında təqdim olunan variantlardan istədiyini seçə bilər. Rəng baxımından müxtəlif çeşidlərin olması da şagirdlərə seçim imkanı yaradır".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.