
"Türk dövlətləri müdafiə sənayesi sahəsində birlikdə çalışmalıdır".
AVESTA.AZ apa-ya istinadən xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev ADEX-2026 sərgisi çərçivəsində keçirilən TDT-yə üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərlərinin ikinci iclasından sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, dünyada müxtəlif müharibə və qarşıdurmaların yaşandığı bir vaxtda türk dövlətlərinin müdafiə sənayesi sahəsində əməkdaşlığının genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
"Biz birlikdə olduğumuz zaman güclüyük. Bu, Türk Dövlətləri Təşkilatının çərçivəsində 65-dən çox əməkdaşlıq istiqamətindən biridir. Bu çərçivədə bugünkü görüş çox vacibdir", - deyə Baş katib qeyd edib.
Kubanıçbek Ömüralıyev bildirib ki, ADEX-2026 sərgisi çərçivəsində Türk dövlətlərinin nümayəndələrinin bir araya gəlməsi və müdafiə sənayesi sahəsində əməkdaşlıq üzrə yol xəritəsinin müəyyənləşdirilməsi mühüm addımdır.
Onun sözlərinə görə, yol xəritəsində müdafiə sənayesi ilə yanaşı, təlim sahəsində əməkdaşlıq məsələləri də öz əksini tapıb.
Baş katib Azərbaycanın Vətən müharibəsində əldə etdiyi təcrübənin türk dövlətlərinin müdafiə sənayesinin inkişafı baxımından əhəmiyyətini də vurğulayıb.
"Can Azərbaycanın bu müharibədə qazandığı qələbə təkcə bir türk dövləti üçün yox, bütün türk dünyası üçün əhəmiyyətlidir. Biz bunu hər zaman deyirik. Cənab Prezident İlham Əliyevin də söylədiyi kimi, türk dünyası bizim dünyamızdır. Azərbaycanın qazandığı qələbə türk dünyasındakı hər bir ölkə üçün çox mühüm nümunədir", - deyə o əlavə edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.