
Şəhidlik Vətənə sədaqətin, mərdliyin və fədakarlığın ən ali nümunəsidir. Azərbaycanın ərazi bütövlüyü və azadlığı uğrunda canından keçən igidlər xalqımızın qürur mənbəyidir. Fərid Mehman oğlu Məmmədzadə də bu qəhrəmanlardan biridir.
Fərid Məmmədzadə 2000-ci il avqustun 20-də Ağdaş rayonunda ailənin ilk övladı olaraq dünyaya gəlib.
O, orta təhsilini Tofiq İsmayılov adına 8 saylı məktəbdə alıb. Musiqiyə böyük marağı olan Fərid təhsilini Şuşa Musiqi Kollecində qarmon ixtisası üzrə davam etdirib.
2019-cu ilin iyul ayında hərbi xidmətə yollanan Fərid Xüsusi Təyinatlı Qüvvələrə qəbul edilib. Uşaqlıqdan vətənpərvərlik ruhunda böyüyən gənc üçün bu, həm böyük qürur, həm də məsuliyyət idi.
BAKU.WS Bizim.Media-ya istinadən xəbər verir ki, şəhidin anası Nəzakət Məmmədovanın sözlərinə görə, Fəridin ən böyük arzusu hərbi xidmətdən sonra yenidən Vətənə xidmət etmək və polis olmaq idi.
Fərid hərbi xidmətdə olarkən də bu arzusunu atasına dilə gətirirdi:
"Mən polis olmaq istəyirəm. Bura mənim üçün əsl məktəbdir".
27 sentyabr 2020-ci ildə Vətən müharibəsi başlayanda Fərid də döyüş əməliyyatlarına qatılaraq ön cəbhədə vuruşub.
O, sonuncu dəfə oktyabrın 1-də atası ilə əlaqə saxlayıb:
"Mən yaxşıyam, narahat olmayın. Hər şey qaydasındadır. Yoldayıq, gedirik".
Fəridin "gedirik" dediyi həmin yol onu şəhidlik zirvəsinə aparıb. Atası ilə son danışığından cəmi üç gün sonra, oktyabrın 4-də Füzuli rayonunda düşmən atəşi nəticəsində aldığı güllə yarasından şəhid olub.
Qeyd edək ki, Fərid Məmmədzadə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəsur döyüşçü", "Kəlbəcərin azad edilməsinə görə" və "Cəbrayılın azad edilməsinə görə" medalları, həmçinin "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.