
Soyuq havada başı çiyinlərin arasına çəkmək və bədəni bükərək gəzmək boyun əzələlərində gərginliyə, kürəkdə ağırlıq hissinə və baş ağrılarına səbəb ola bilər.
AVESTA.AZ xəbər verir ki, bu barədə travmatoloq-ortoped, fiziki reabilitasiya və müalicəvi bədən tərbiyəsi üzrə mütəxəssis Karina Semyonova Life.ru-ya açıqlamasında bildirib.
Həkimin sözlərinə görə, soyuq və güclü külək zamanı insan qeyri-ixtiyari olaraq başını çiyinlərinə doğru çəkir, çiyinlərini qaldırır və belini bükür. Bu, bədənin soyuqdan qorunmaq üçün verdiyi təbii reaksiyadır.
Lakin belə vəziyyətdə uzun müddət qalmaq boyun və çiyin qurşağının əzələlərinin həddindən artıq yüklənməsinə səbəb ola bilər. Nəticədə hərəkət məhdudluğu, ağırlıq və ağrı hissi yaranır. Gərginlik tipli baş ağrılarına meyilli insanlarda isə əzələ gərginliyi ağrı tutmalarını tətikləyə bilər.
Payız aylarında ağrıların artmasına səbəb olan digər amil fiziki aktivliyin azalmasıdır. İnsanlar hava şəraiti pisləşdikcə piyada gəzmək əvəzinə avtomobilə, taksiyə və ya evdə qalmağa üstünlük verirlər.
Xüsusilə iş gününü kompüter qarşısında keçirən insanlarda bu vəziyyət daha çox özünü göstərir.
Həkim qeyd edib ki, pis hava şəraitində daha az gəzmək təbii olsa da, əzələlərin müntəzəm fiziki hərəkətə ehtiyacı var. Hərəkətsizlik boyun və çiyin əzələlərinin uzun müddət eyni vəziyyətdə qalmağa dözümlülüyünü azalda bilər.
Mütəxəssis narahatlığı azaltmaq üçün bir neçə tövsiyə verib:
- Boyun və sinə nahiyəsini soyuq küləkdən qoruyun.
- Kompüter qarşısında işləyərkən müntəzəm fasilələr verin və ayağa qalxaraq hərəkət edin.
- İş yerinizi düzgün qurun, ekranın hündürlüyünə və oturuş vəziyyətinizə diqqət yetirin.
- Evdə sadə hərəkətlər və yüngül məşqlər edin.
- Qrup şəklində məşq etməyi sevənlər rəqs dərslərini də seçə bilərlər.
Həkimin sözlərinə görə, əks göstərişlər olmadığı halda masaj gərgin əzələlərin rahatlamasına kömək edə bilər. Lakin o, müntəzəm fiziki aktivliyi əvəz etmir.
"İsti və rahat geyim dəbli görünüşdən daha vacibdir", - deyə Semyonova vurğulayıb.
Qeyd edək ki, soyuq havada boyun və kürək nahiyəsində yaranan ağrılar hər zaman eyni səbəblə bağlı olmur. Ağrılar güclüdürsə, davam edirsə və ya keyimə, qollarda zəiflik kimi əlamətlərlə müşayiət olunursa, həkimə müraciət etmək tövsiyə edilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.