
Polis Bakıxanovdakı autizm spektrli 2 yaşlı uşağa qarşı edilən zorakılığı araşdırmağa başlayıb.
Bu barədə AVESTA.AZ-ə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, autizmli uşağın döyülməsi faktı polis tərəfindən araşdırılır.
Faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb, hazırda zəruri istintaq hərəkətləri davam etdirilir.
*** 16:26
"Brain Academy"nin Bakıxanov qəsəbəsində yerləşən filialında autizm spektrli 2 yaşlı uşağa qarşı zorakılıq halları qeydə alınıb.
AVESTA.AZ Bakues.az-a istinadən xəbər verir ki, bu barədə uşağın yaxını Ramin Balayev məlumat verib.
Şikayətçinin sözlərinə görə, sözügedən Mərkəzdə inkişafı və reabilitasiyası üçün həvalə edilən autizm spektrli 2 yaşlı uşaq ağır fiziki şiddətə və zorakılığa məruz qalıb. Bərpa olunmaq, inkişaf etmək əvəzinə uşağın üzünə və başına zərbələr endirilib, ona ağır psixoloji travma yaşadılıb.
Şikayətçinin təqdim etdiyi təhlükəsizlik kamerası görüntülərində müəssisə əməkdaşının 2 yaşlı köməksiz uşağın başından və üzündən vurması, uşağın isə dözülməz ağrı və qorxudan dayanmadan ağlaması əks olunub.
Uşağın yaxınları hadisədən sonra azyaşlıda dərin psixoloji travmanın yarandığını, onun daha da qapandığını və qorxu içində olduğunu bildirirlər.
Ailə günahkarların qanun qarşısında cavab verməsini tələb edirlər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.