
"Dinlər bu gün planetimizdə yaşayan 8 milyard insanın qayğısına qalır".
AVESTA.AZ xəbər verir ki, BMT Baş katibinin müavini və BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC) üzrə Ali nümayəndəsi Migel Anxel Moratinos Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
BMT rəsmisi qeyd edib ki, dini liderlərin əsas vəzifəsi xalqları birləşdirmək, fərqli dinlər arasındakı ortaq cəhətləri üzə çıxarmaq və kollektiv səylərlə sülhə töhfə verməkdir:
"Dinlərin əsl mahiyyəti sevgi, harmoniya, mərhəmət, dostluq və həmrəylik üzərində qurulub. Lakin təəssüf ki, bəzən terror və ya müharibə törətmək istəyənlər dini dəyərlərdən və terminlərdən sui-istifadə edirlər."
Moratinos din xadimlərinin və cəmiyyətin qarşısında duran əsas məsuliyyətə toxunaraq bildirib ki, fərqli dinlərin nümayəndələri birgə addımlamalı, münaqişələrin həllində və sülhün təşviqində fəal iştirak etməlidirlər.
Çıxışın sonunda müasir dövrün çağırışlarına da toxunulan məruzədə qeyd olunub ki, süni intellekt və yeni texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdə dinlərin və mənəvi dəyərlərin rolu həm də bu yeniliklərə düzgün insani və etik istiqamət verməkdir.
Banu Hüseynli
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.