
Qusarda toydan çıxan kişi qonşusunu döyüb.
AVESTA.AZ oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Balaqusar kəndində baş verib. Qusar rayonunun Laza kənd sakini, 1998-ci il təvəllüdlü Elvin Məmmədov (soyad şərtidir) bir müddət əvvəl Balaqusar kəndinə köçüb və orada yaşayıb.
Bir neçə gün əvvəl, o, Balaqusar kəndinin girişindəki "Karvan" şadlıq sarayında toy məclisinə gedib və orada spirtli içki qəbul edib. Toydan sərxoş vəziyyətdə çıxan Elvin kafeyə daxil olub, yenidən spirtli içki qəbul edəndən sonra Balaqusar kəndinə yola düşüb. O, yolda olarkən toydan qayıdan Balaqusar kənd sakini Zamin Quliyevlə rastlaşıb və birlikdə kəndə getməyə qərar veriblər. Yolboyu söhbət zamanı Zamin Elvindən Balaqusar kəndinə köçməsinin səbəbini soruşub. Sərxoş olan Elvin Zaminin bu sözündən inciyib və aralarında mübahisə yaranıb. Mübahisə zamanı Elvin başı ilə Zaminin sifətinə zərbə endirib. O, daha sonra Zamini döyməyə başlayıb. Hadisə şahidləri onları ayırıb və davanı sakitləşdiriblər.
Əraziyə polis əməkdaşları gəliblər, Elvin saxlanılıb. Faktla bağlı cinayət işi başlanılaraq, iş məhkəməyə göndərilib. Qusar Rayon Məhkəməsində keçirilən prosesdə tərəflər arasında barışıq elan olunub, zərərçəkmiş şəxsə dəymiş ziyan ödəndiyindən, cinayət işinə xitam verilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.