
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Xəzər dənizində keçirilən hərbi təlimlər zamanı hərbçilərin lazımi təhlükəsizlik avadanlığı, o cümlədən xilasedici jiletlərlə təmin edilmədiyini bildirib.
BAKU.WS xəbər verir ki, Tokayev bu barədə Müdafiə Nazirliyinin rəhbərliyi ilə keçirdiyi müşavirədə danışıb.
Prezident qeyd edib ki, təlimlər zamanı hərbçilərin dəniz şəraitində istifadə olunan xilasedici jiletlərlə təmin edilməməsi ciddi nöqsandır.
Tokayev sülh dövründə hərbçilərin həlak olmasının yolverilməz olduğunu vurğulayıb və hadisəyə görə məsuliyyət daşıyan vəzifəli şəxslərin müəyyənləşdirilməsini tapşırıb.
O, həmçinin təlimlərin layihəsini kimin hazırladığını və təsdiqlədiyini, Baş Qərargahın fəaliyyətinin necə əlaqələndirildiyini, eləcə də Hərbi Dəniz Qüvvələrinin Baş Komandanının nə üçün təlimlərdə iştirak etmədiyini araşdırmağı tələb edib.
Qazaxıstan lideri hökumət komissiyasına hadisənin bütün hallarını araşdırmağı, təlimlərin hazırlanması və keçirilməsi, hərbçilərin təminatı, həmçinin təhlükəsizlik qaydalarına əməl olunmasına cavabdeh şəxslərin fəaliyyətinə hüquqi qiymət verilməsini tapşırıb.
Qeyd edək ki, sentyabrın 24-də Qazaxıstanın Manqistau vilayətində Xəzər dənizində keçirilən hərbi təlimlər zamanı hərbçilərin olduğu qrup güclü dalğa və külək nəticəsində dənizə sürüklənib. Hadisə nəticəsində 12 hərbçinin öldüyü, 3 nəfərin xilas edildiyi, daha 2 hərbçinin axtarışlarının aparıldığı bildirilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.