
Gəncə şəhərində kişi keçmiş arvadını bıçaqlayıb.
AVESTA.AZ oxu.az-a istinadən xəbər verir ki, hadisə Gəncə şəhəri, Gülüstan qəsəbəsi, AKTA-6 yaşayış massivində baş verib. Kəlbəcər rayonundan olan məcburi köçkün, 1976-cı il təvəllüdlü Malik Məmmədov (soyad şərtidir) 2004-cü ildə Fəxriyyə adlı xanımla ailə həyatı qurub. Cütlüyün birgə nikahdan 3 övladı olub və onlar 2015-ci ildə boşanıblar. Bundan sonra ər və arvad ayrı-ayrı ünvanlarda yaşayıblar.
Bir müddət əvvəl Malik spirtli içki qəbul edərək Fəxriyyə ilə görüşüb və onun yaşadığı evə gedib. Evdə qısqanclığa görə onların arasında mübahisə başlayıb və mübahisə davaya çevrilib. Dava zamanı Malik evdən çəkici götürərək qadının başına vurub. Hadisə nəticəsində qadın baş nahiyəsindən ciddi xəsarətlər alıb.
Xəstəxanadan evə qayıdan qadın bir neçə gün sonra yenidən Malikin hücumuna məruz qalıb. Gecə saatlarında Malik Fəxriyyənin evinə gələrək, yataq otağının pəncərəsindən evə daxil olub. Səsə Fəxriyyə yuxudan oyanıb və ondan təcili evi tərk etməsini istəyib. Malik üzərində gəzdirdiyi bıçaqla qadına zərbələr endirib. Fəxriyyənin qışqırığından sonra qonşular hadisə yerinə gəliblər. Malik hadisə yerindən qaçıb. Yaralı xəstəxanaya çatdırılaraq əməliyyat olunub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Malik Məmmədov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə M.Məmmədov 4 il 6 ay azadlıqdan məhrum edilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.