
3 oktyabr 2026-cı il tarixində Özbəkistanın paytaxtı Daşkənddə III Türkdilli Dövlətlər Kardioloqları Qurultayının və "Özbəkistan–Azərbaycan" Tibbi Forumunun rəsmi açılış mərasimi keçirilib.
AVESTA.AZ xəbər verir ki, beynəlxalq tədbirdə Azərbaycan, Özbəkistan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və digər ölkələrdən kardiologiya sahəsinin tanınmış mütəxəssisləri, alimləri və səhiyyə nümayəndələri iştirak ediblər.
Azərbaycanı Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşovanın rəhbərlik etdiyi geniş nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndələri, Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova, Elmi-Tədqiqat Kardiologiya İnstitutunun rəhbərliyi və mütəxəssisləri, həmçinin Azərbaycan Tibb Universitetinin həkimləri yer alıblar.
Açılış mərasimində çıxış edən Gülnaz Dadaşova Azərbaycan–Özbəkistan səhiyyə əməkdaşlığının və türkdilli dövlətlərin kardioloqları arasında elmi-peşəkar əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Qurultay çərçivəsində müasir diaqnostika və müalicə metodları, innovativ texnologiyalar, süni intellektin kardiologiyada tətbiqi, intervensional kardiologiya, ürək cərrahiyyəsi və digər aktual mövzular müzakirə olunub.
Tədbirin diqqətçəkən məqamlarından biri Türkdilli Dövlətlər Kardioloqları Qurultayının estafetinin növbəti ev sahibinə ötürülməsi mərasimi olub. Estafetin ötürülməsi türkdilli ölkələrin kardioloqları arasında əməkdaşlığın davamlılığını və qurultay ənənəsinin gələcəkdə də yaşadılmasını simvolizə edib.
Qeyd edək ki, Daşkənddə keçirilən tədbirlər eyni zamanda Özbəkistan Kardiologiya Mərkəzinin 50 illik yubileyinə həsr olunmuş beynəlxalq konqres çərçivəsində baş tutub.
III Qurultay və "Özbəkistan–Azərbaycan" Tibbi Forumu Azərbaycan–Özbəkistan səhiyyə əlaqələrinin inkişafına, elmi-tibbi əməkdaşlığın genişləndirilməsinə və türkdilli dövlətlərin kardiologiya sahəsində birgə fəaliyyətinin gücləndirilməsinə mühüm töhfə verir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.